Aprelin 25-dən 30-dək Nizami Kino Mərkəzində “British Council” təşkilatının Azərbaycan nümayəndəliyi və Böyük Britaniyanın ölkəmizdəki səfirliyi ilə birgə II “Britaniya film baharı” festivalı keçiriləcək. Festival müasir Britaniya kinematoqrafiyasının uğur qazanmış ən yaxşı yeni filmlərini təqdim edəcək.
“British Council” Bakıda ilk Britaniya film festivalını 2013-cü ildə təşkil edib. İkinci festival “Britaniya film baharı” (“British Film Spring”) adı altında 2015-ci ildə gerçəkləşib.
Budəfəki festival Kolm Toybinin eyniadlı romanı əsasında Nik Hornbinin ssenarisi üzrə rejissor Con Kraulinin çəkdiyi "Bruklin" tarixi dramının premyerası ilə açılacaq.
Festivalın növbəti günlərində aktrisa Meqqi Smitin baş rolda çəkildiyi "Furqondakı ledi", rejissor Endrü Heyin Berlin Kino Festivalının qalibi olmuş "45 il" filmi, baş rollarda Kolin Farrel və Reyçel Vaysın çəkildiyi rejissor Yorqos Lantimosun "Lobster" filmi daxil olmaqla, maraqlı və eyni zamanda çox fərqli altı film izləyicilərə təqdim olunacaq.
Festival müddətində “British Council” tərəfindən təşkil olunan online müsabiqələrin iştirakçılarına bilet və hədiyyələr təqdim olunacaq.
Bu barədə ətraflı məlumat “British Council Azərbaycan” və Nizami Kino Mərkəzinin feysbuk səhifələrində yerləşdiriləcək.
“British Council Azərbaycan”ın direktoru xanım Elizabet Uayt bildirib: “Məqsədimiz Britaniya kinematoqrafçılarının filmlərini azərbaycanlı tamaşaçılara təqdim etmək, eyni zamanda innovasiyalar, müxtəliflik və mükəmməlliyi nümayiş etdirmək və mədəni mübadilələr üçün imkanlar axtarmaqdır. Ümid edirəm ki, Bakı tamaşaçıları bu filmlərin bir çoxunu izləyəcək”.
Bütün filmlər Nizami Kino Mərkəzində ingilis dilində (rus dilində alt yazılarla) nümayiş ediləcək.