Azərbaycanın Xalq artisti, tanınmış tenor Yusif Eyvazov Avstriya Teleradiosunda (ORF) yayımlanan “Biz Avstriya üçün ifa edirik” mədəniyyət proqramında iştirak edib.

ORF və Vyana Dövlət Operasının birgə təşəbbüsü əsasında ərsəyə gələn verilişə dünyanın tanınmış opera müğənniləri qatılıb. Koronavirus pandemiyasına görə səhnə fəaliyyətinə fasilə verməli olan musiqiçilər efir vasitəsilə tamaşaçıların görüşünə gəliblər. Müxtəlif məkanlarda xüsusi təhlükəsizlik şərtləri altında lentə alınan konsert proqramında Yusif Eyvazovla yanaşı onun həyat yoldaşı – dünya şöhrətli opera müğənnisi  Anna Netrebko, məşhur ifaçılar Xuan Dieqo Florez, Valentina Nafornita, Tomas Konieçni, Yelena Maksimova, Yonas Kaufmann və Helmut Doyç tanınmış bəstəkarların əsərlərini səsləndiriblər.

Yusif Eyvazov italyan bəstəkarları Qaetano Donisetti və Françesko Tostinin əsərlərini ifa edib. Konsert proqramının zirvə nöqtəsi isə Anna Netrebko və Yusif Eyvazov cütlüyünün ifasında “Məni unutma“ (Ernesto de Kurtis) əsərinin səslənməsi olub.