Koronavirus pandemiyası ilə bağlı İsveçdə rəsmən karantin rejimi elan olunmasa da, hökumət kütləvi tədbirlərin keçirilməsini qadağan edib.

Bu səbəbdən paytaxt Stokholmda orkestr musiqisi üçün nəzərdə tutulan ən böyük zalda – “Stockholm Concert Hall”da konsertlər onlayn rejimdə keçirilir. Rəqəmsal yaz mövsümünün kamera musiqisi və caz konsertləri ilə başlandığı elan edilib. Konsertləri internetdə dinləmək olar.

“Stockholm Concert Hall” yeni reallıqlara uyğunlaşa bilib: indi musiqiçilərin konsertlərini zalın saytında və mobil proqram əlavəsində dinləmək olar. Təşkilatçılar söz verirlər ki, proqrama yeni konsertlər də əlavə ediləcək və təqvim daim yenilənəcək.

İsveç Kral Filarmoniyası solistlərinin konsertləri hər həftə birbaşa yayımda təqdim ediləcək. Gələcəkdə kənardan dəvət edilmiş bir neçə məşhur solist də “Stockholm Concert Hall”ın səhnəsində çıxış edəcək.