Türkiyə Prezident Administrasiyasının (Cumhurbaşkanlığı) dəstəyi ilə 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə İstanbuldan bütün dünyaya sevgi və birlik çağırışı olan konsert proqramı yayımlanacaq.

“Yeddi təpədən...” adlı konsert proqramında tanınmış ifaçılar ayrı-ayrılıqda İstanbulun yeddi məşhur məkanından dünya və türk musiqisinin nümunələrini səsləndirəcəklər.

Böyük şair-mütəfəkkir Yunus Əmrənin “Dünya mənim ruzimdir, insanlıqsa millətim” sözləri ilə başlayacaq konsert proqramı internet üzərindən yayımlanacaq.

Konsert proqramı koronavirusla mübarizədə bir çox ölkəyə tibbi ləvazimatlarla yardım edən Türkiyənin qitələrin görüşdüyü İstanbulda ürəkləri bir araya gətirərək dünyaya birlik və həmrəylik çağırışını vurğulayacaq.

Lüdviq van Bethovenin “İnsanlıq simfoniyası” olaraq da tanınan 9-cu simfoniyasının Ferens List tərəfindən qurulan fortepiano aranjimanını məşhur pianoçu İdil Biret İstanbul boğazından ifa edəcək. Arfa ifaçısı Şirin Pancaroğlu və müğənni Bora Uymaz Yunus Əmrənin “Mən gedirəm yana-yana” mahnısını İstanbul Qız qülləsindən, Yavuz Akalın neydə “Segah Peşrev”i (Yusuf Paşa) Ayasofyadan, Murat Bağdadlı udda “Kürdili hicazkar longa”nı (Kemani Sebuh) Topkapı sarayından, fleytada Elif Yurdakul Baykurt “Syrinx”i (Klod Debüssi) Qalata sarayından, tamburda Tamer Özer Özel və kamançada Aslıhan Özel “Nihavend saz semai”ni (Mesut Cemil) Dolmabaxça sarayından, qanunda Serkan Mesut Halili “Şehnaz longa”nı (Santuri Ethem) “Pierre Loti Hill”dən səsləndirəcəklər.

Möhtəşəm İstanbul mənzərələri fonunda reallaşacaq konsertdə türk musiqisi və klassik Avropa musiqisi vəhdətdə təqdim olunacaq. Eyni zamanda Yunus Əmrə, Mövlanə, Hacı Bektaş Veli, Pir Sultan, Emmanuel Kant, Alfons Lamartin kimi Şərq və Qərb dünyası mütəfəkkirlərinin sevgi və insanlıq mesajları da konserti müşayiət edəcək.

Mehparə SULTANOVA
Ankara