Gənclər tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları da bu günlər sənət fəaliyyətlərini pandemiyanın doğurduğu reallıqlar şəraitinə uyğunlaşdırıblar.
Filarmoniyanın direktoru, Xalq artisti Murad Adıgözəlzadənin təşəbbüsü ilə reallaşan layihə çərçivəsində keçirilən tədbirlər yaradıcı gənc nəslin inkişafına və tanınmasına, Azərbaycan və dünya musiqisinin təbliğinə xidmət edir.
Layihənin iştirakçıları tamaşaçılarla ünsiyyəti internet vasitəsilə davam etdirərək #evdəqal #gəncləridinlə aksiyasına başlayıblar. Layihədə iştirak etmək üçün gənclər öz evlərini tərk etmədən internet vasitəsilə öz ifalarının videoçarxlarını paylaşırlar. Aksiya vaxtilə bu gəncləri filarmoniyanın səhnəsində izləmiş tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır. Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının “Bizi birləşdirən mədəniyyət” telelayihəsində “Gənclərə dəstək” konsertlərinin iştirakçıları fəallıq nümayiş etdirirlər.