Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə təşəbbüsü ilə aprelin 1-dən start verilən “Bizi birləşdirən mədəniyyət” layihəsi müxtəlif proqram və təqdimatlarla davam edir.

Layihə çərçivəsində həyata keçirilən “Əbədiyaşarlarımız” adlı növbəti telehəftə dünya şöhrətli Azərbaycan bəstəkarı Arif Məlikovun yaradıcılığına həsr olunub.

Layihənin 20-26 aprel tarixini əhatə edən incəsənət həftəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Azərbaycan Milli Konservatoriyası, Akademik Opera və Balet Teatrı, Akademik Musiqili Teatr, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsi və Azərbaycan Bəstəkarlar İttifaqı iştirak edir.

Həftə ərzində bəstəkarın zəngin yaradıcılığı təqdim olunur, balet musiqiləri, simfonik əsərləri, kamera əsərləri və s. səslənir. Bu sırada “Əfsanəyə dönən “Məhəbbət əfsanəsi” verilişi, bəstəkarın “Laylay” romansı, “İki qəlbin dastanı” baletindən fraqmentlər və digər yaradıcılıq nümunələri yer alıb.

***

“Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində həmçinin “Keçmişimizi gələcək nəsillərə tanıdan sərvətimiz – Azərbaycan muzeyləri” adlı təqdimata da başlanılıb. Bu silsilədən verilişlərdə Azərbaycanın tarix-mədəniyyət qoruqları  və muzeylərindən reportajlar təqdim olunur, muzeylərdəki eksponatlar haqqında tamaşaçılara məlumat verilir.

LALƏ