Mayası müdriklik və xalq hikmətindən yoğurulan folklorumuzu toplayan, araşdıran, nəşr etdirən görkəmli alimlərimizdən biri də Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Bəhlul Abdulladır. Bu il folklorumuzun dərin bilicilərindən hesab edilən mərhum tədqiqatçının anadan olmasının 80 ili tamam olur.

Bəhlul Ağabala oğlu Abdullayev  27 aprel 1940-cı ildə Lerik rayonunun Lələhiran kəndində anadan olub. Biləsuvar rayonunda orta məktəbi başa vurduqdan sonra indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Biləsuvar şəhəri Nizami adına orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyib.

Bəhlul Abdulla erkən çağlardan xalq yaradıcılığına maraq göstərir. Folklora həsr olunan “Qaynar çeşmə” məqaləsi “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilir. İlk məqaləsi maraqla qarşılanır və bundan sonra dövri mətbuatda folklorun təbliği ilə bağlı yazılarla ardıcıl çıxış edir.

Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olan B.Abdulla “Yusif Vəzir Çəmənzəminli və folklor” mövzusunda dissertasiya müdafiə edir. Bir müddət sonra institutun Folklor şöbəsinə işə qəbul olunur. Elmi axtarışlarını genişləndirən alim xalq yaradıcılığında rəmzlərə, kölgəli məqamlara aydınlıq gətirir. “Azərbaycan mərasim folkloru və onun poetikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edir.

Folklorşünas alimin çoxsaylı kitabları arasında “Kitabi-Dədə Qorqud” dastanlarına həsr etdiyi əsərləri xüsusi yer tutur. Müəllifin “Kitabi-Dədə Qorqud” və islam dini”, “Kitabi-Dədə Qorqud”un poetikası”, “Dəli Domrul “Kitabi-Dədə Qorqud”da və qorqudşünaslıqda”, “Kitabi-Dədə Qorqud”da rəng simvolikası”, “Salur Qazan”, “Kitabi-Dədə Qorqud”da nitq etiketlərinin etnomifik poetikası”, “Kitabi-Dədə Qorqud”un etnik ənənə, mərasim sistemində mifoloji təsəvvürlərin yeri” və s. əsərləri folklorşünaslıq elmimizə sanballı töhfələr kimi qiymətləndirilir.

Türk təfəkkürünün ilkin çağları, əski təsəvvürləri zəngin qaynaqlar əsasında B.Abdullanın “Haqqın səsi”, “Azərbaycan folklorunda mifoloji at”, “Folklorda say simvolikası” və b. kitablarında da uğurla davam etdirilib. Bu əsərlərdə klassik ədəbiyyat nümunələri ilə qədim folklor örnəkləri qarşılıqlı şəkildə müqayisə edilib.

Tədqiqatçı alim eyni zamanda bədii yaradıcılıqla da məşğul olub, bayatılar qələmə alıb və bu nümunələr müəllifin “Bayatılarım”, “Buynuz bayatıları” kitablarında toplanıb. Onun bayatılarını çox vaxt bu janrın klassik örnəklərindən fərqləndirmək olmur.

Alimin folklorşünaslığımız qarşısında xidmətlərindən söz açan filologiya elmləri doktoru, professor Asif Rüstəmli araşdırmasında yazır ki, “Azərbaycan bayatıları”, “Azərbaycan şifahi xalq ədəbiyyatı antologiyası”, “Dastanlar”, “Arazam, Kürə bəndəm”, “Göyər, səmənim, göyər”, “Ağırlığım-uğurluğum odlara”, “Dava yorğan davasıymış” və başqa topluların işıq üzü görməsində B.Abdullanın da mühüm zəhməti olub.

Tədqiqatçı Ədəbiyyat İnstitutunun hazırladığı altıcildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitabının I cildinin əsas müəlliflərindən biri və redaksiya heyətinin üzvü, həmçinin “Kitabi-Dədə Qorqud” və “Novruz” ensiklopediyalarının tərtibçilərindən biri olub. Azərbaycan mərasim folklorunun ilk geniş və poetik təhlili onun adı ilə bağlıdır. Türk folklorunda at mifoloji obrazını və Azərbaycan folklorunda sayların simvolikasını monoqrafik şəkildə ilk dəfə tədqiq edən də B.Abdulladır. Bu sahədə xidmətləri yüksək qiymətləndirilən alim 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. O, Azərbaycan folklorunun zənginliyini xaricdə qatıldığı beynəlxalq simpoziumlarda da layiqincə təmsil edib. 25 mart 2011-ci ildə dünyasını dəyişib.

Savalan FƏRƏCOV