Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü ilə 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş mədəni irs həftəsi çərçivəsində videobağlantı rejimində seminarlar keçirilib.
Aprelin 21-də keçirilən növbəti seminar 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımına həsr olunub.
Quba Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramovanın moderatorluğu ilə keçirilən seminarda AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları Natiq Məmmədzadə, Vaqif Abışov, AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Sübhan Talıblı, tarixçi, tədqiqatçı Elmar Həsənli məruzələrlə çıxış ediblər.
Seminarda 1918-ci ilin yazında Bakı quberniyasında, Quba qəzasında baş vermiş soyqırımı və yerli qüvvələrin müqaviməti, Gəncə quberniyası, Lənkəran qəzası, eləcə də Cənubi Azərbaycanda türk-müsəlman əhaliyə qarşı törədilmiş soyqırımından söz açılıb.
Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin soyqırımlarının tanıdılması ilə bağlı gördüyü işlər və Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının həyata keçirdiyi tədbirlərdən danışılıb.