Aprelin 23-də Türkiyə Cümhuriyyətinin dövlət bayramı olan Milli Suverenlik və Uşaq Günü, eyni zamanda Türkiyə Böyük Millət Məclisinin (TBMM) 100-cü ili qeyd olundu.

Günün tarixi ilə bağlı öz fikirlərini bölüşən Türkiyənin Təhsil üzrə Azad Həmkarlar İttifaqının – Türk Eğitim-Sen-in baş direktoru Talip Geylan 100 il öncə TBMM-in təşkilinin Türkiyə Cümhuriyyətinin qurulmasının təməli – ilk mərhələsi kimi müstəsna önəm kəsb etdiyini vurğuladı: “100 il bundan öncə türk milləti yaşadığı fövqəladə ağır şərtlər və məhdud imkanlarına baxmayaraq, çətin bir imtahan verdi. 1914-cü ildə başlayan Birinci Dünya müharibəsi Osmanlı Dövləti üçün 1918-cu il Mudros sülh müqaviləsi ilə sona çatdı. Son dərəcə ağır müddəalardan ibarət olan bu müqavilə müttəfiq gücləri qane etmədi və Osmanlıya daha ağır şərtləri qəbul etdirmək üçün Sevr müqaviləsini imzalatdılar. Anadolunun bir çox yerində müstəqilliyimizə son qoyan bu müqavilə və işğallara qarşı milli mübarizə Mustafa Kamal Atatürkün 1919-cu il 19 mayda Samsuna gəlişi ilə başlandı. Türk millətinin suverenliyinə söykənən mücadilədə ilk addım atıldı. Bu yolda ən böyük tarixi hadisə isə 23 aprel 1920-ci ildə Ankarada Türkiyə Böyük Millət Məclisi fəaliyyətə başlaması oldu.

Cümə günü – Hacı Bayram məscidində qılınan cümə namazından sonra millət vəkilləri, hərbçilər, məscid camaatı ilk məclisin önünə gəldi. Dualar edildi, qurbanlar kəsildi. Sonra qapıya bağlanan qırmızı-ağ lentin Mustafa Kamal paşa tərəfindən kəsilməsi ilə Türkiyə Böyük Millət Məclisi açıldı, ilk toplantı keçirildi. Mustafa Kamal 24 aprel 1920-ci ildə Məclisin sədri seçildi və bundan sonra parlament hökuməti quruldu. 100 ilini qeyd etdiyimiz Türkiyə Böyük Millət Məclisinin quruluşunu türk dastanlarında və milli yaddaşında yaşayan, millətin öz içindən öz qəhrəmanlarını çıxarıb çətinliklərin öhdəsindən gəlməsini sanki  Ergenekonun XX əsrdə fərqli bir təzahürü kimi qiymətləndirmək olar”.

T.Geylan məlum pandemiya səbəbindən Türkiyə Böyük Millət Məclisinin 100 illiyi və 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramını təntənə ilə qeyd edə bilmədiklərindən təəssüf hissi keçirdiyini bildirdi: “Ancaq bütün bunlara baxmayaraq, türk xalqı olaraq, 83 milyon bir ağızdan ürək-ürəyə, əlimizdə türk bayraqları ilə evlərimizin eyvanlarında “İstiqlal marşı” oxumağımız bizə bayram coşqusunu yaşatdı. 23 aprel bizim qürur günümüzdür. Bu münasibətlə Qazi Məclisimizin açılışının 100 illiyini və 23 Aprel - Milli Suverenlik və Uşaq Günümüzü təbrik edir, ulu öndər Atatürkü, silahdaşlarını və bütün şəhidlərimizi bir daha hörmət və minnətdarlıqla yad edirik”.

Mehparə SULTANOVA
Ankara