Bundan əvvəlki yazıda oxucularımıza ölkəmizdə cizgi filminin yaranma tarixi və bir sıra məşhur animasiya filmlərimiz haqqında məlumat vermişdik. Bu dəfə isə dünyada indiyədək çəkilmiş ən populyar cizgi filmlərinin bir neçəsinə nəzər yetirəcəyik.

İlk olaraq bu il 80 yaşını qeyd edən, balacalarla yanaşı böyüklərin də maraqla, sevə-sevə izlədiyi “Tom və Cerri” cizgi filmi haqqında. Bu film ABŞ-da 1940-cı ildə Vilyam (William) Hanna və Cozef (Joseph) Barbera tərəfindən çəkilib. Əhvalatın mərkəzində pişik Tom və siçan Cerrinin rəqabəti durur. “Tom və Cerri”nin digər personajları məhəllə pişiyi Baç, Spayk, Tayk, siçan balası Taffi, ördək balası Kvaker və sarı bülbüldür.

Filmin ilk seriyası “Puss gets the boss” (“Çəkmə ilə vurulan pişik”) adlandırılmış və bu seriyada obrazlara ad verilməmişdi. İlk seriya çox bəyənildikdən sonra filmin yaradıcıları obrazlara ad verməyi qərar alırlar. Bu münasibətlə müsabiqə təşkil olunur və Con Karrın təklif etdiyi “Tom və Cerri” adı qəbul edilir. Sonra filmin 13 seriyası çəkilir və bunlardan 7-si mükafata layiq görülür.

1960-cı ildə “Tom və Cerri” cizgi filmi Gene Deitch və William L.Snayder tərəfindən hazırlanır. Onların çəkdiyi seriyalar tamaşaçıların qəzəbinə səbəb olur. Çünki personajların dialoqları tezləşdirilmiş, musiqilər azalmış və obrazların rəngi daha solğun hala gəlmişdi. 1963-cü ildə filmi bu dəfə Chuck Jones hazırlayır. Bundan sonra obrazlar əvvəlki vəziyyətinə qaytarılır və personajların simasında bəzi kiçik dəyişikliklər edilir.

1965-ci ildə televiziyada yayımlanmağa başlayan “Tom və Cerri”də bu dəfə daha böyük dəyişikliklər edilir. Filmdə üzü görünməyən ev sahibəsi Mumminin arıq bir qadına çevrilməsi olur. Son olaraq cizgi filmi 1986-cı ildə MGM studiyası tərəfindən alınır və TBS, TNT və “Cartoon NetWork” kimi kanallarda yayımlanmağa başlanır. Qeyd edək ki, “Tom və Cerri”nin bu günə qədər 6 uzun filmi və 114 qısa filmi olub.

***

“Tom və Cerri”nin dünyada geniş populyarlıq qazanmasından sonra SSRİ kinematoqrafçıları bu istiqamətdə daha maraqlı layihə üzərində düşünməli olurlar. Beləliklə, heç də “Tom və Cerri”dən geri qalmayan bir ekran işi – “Nu, poqodi!” (“Bir dayan!”) cizgi filmi meydana gəlir. 1969-cu ildə ilk bölümü ekrana çıxan “Nu, poqodi!” serialının ssenari müəllifləri Feliks Kamov, Aleksandr Kurlyandski, Arkadi Xayt, rejissorları Vyaçeslav Kotenoçkin, Vladimir Tarasov və Aleksey Kotenoçkin olub.

Əlbəttə, hər şey düşündüyümüz qədər sadə olmayıb, asan başa gəlməyib. Cizgi filminin yaradıcıları hər kəsin sevə-sevə izlədiyi canavarla dovşan obrazları üzərində xeyli çalışmalı olublar. Onlar personajları hazırlayarkən yüksəkvəzifəli insanların təzyiqlərinə məruz qalıblar. Hətta obrazları səsləndirənlər belə rəhbərliyin arzusu ilə olub. Cizgi filmindəki Canavar obrazı ilə bağlı rəssamlar və senzura arasında böyük mübahisələr yaranıb. Məsələn, Canavar obrazının siqaret çəkməyi böyük narazılığa səbəb olmuşdu...

Bu cizgi filmini “Tom və Cerri”dən çoxlu müsbət nüanslar fərqləndirirdi. Bunlara misal obrazların intellektual səviyyəsi, insanabənzər xeyirxahlıqlarıdır. “Nu, poqodi!”nin 1969-1986-cı illərdə 16 seriyası çəkildi və tamaşaçıların böyük rəğbətini qazandı. Personajların səsləndirdiyi bir sıra ifadələr qısa müddətdə xalq arasında deyimlərə çevrildi. Onu da bildirək ki, bu cizgi filminin seriyalılarının birində Azərbaycan bəstəkarı Qəmbər Hüseynlinin məşhur “Cücələrim” mahnısı da səslənib. SSRİ dağılandan sonra serialın daha bir neçə bölümü çəkilib. 

***

Balaca tamaşaçıların sevimli cizgi filmləri arasında müasir texniki vasitələrlə çəkilən “Maşa və Ayı”nın xüsusi yeri var. Rusiya istehsalı olan film üçölçülü qrafikanın köməyi ilə, Andrey Dovrunov, Oleq Kuzovkov və Dmitri Loveiko tərəfindən yaradılıb. Deyilənə görə, rejissorları bu həvəsə gətirən “Tom və Cerri” olub. Digər animasiyalardan fərqli olaraq bu filmdə təkcə heyvanlardan deyil, kiçik qız uşağı obrazından da istifadə edilib.

7 yanvar 2009-cu ildə ekranlara çıxan cizgi serialı “Youtube” kanalında 20 milyarddan çox baxış sayı toplayıb. Bununla da lisenziyalı malların (oyuncaq, şokolad, uşaq yeməkləri və s.) satışından 225 milyon dollar vəsait əldə edərək Avropada uşaq brendləri arasında ilk beşliyə daxil olub.

“Maşa və Ayı”nın bir seriyası 2-4 ay arasında çəkilib. Hər seriya isə təxminən 6-7 dəqiqədən ibarətdir. Filmin yaradıcıları hesab edirlər ki, bu, uşaqların cizgi filminə baxmağı üçün ən ideal vaxtdır.

***

ABŞ istehsalı olan daha bir maraqlı ekran işi 2005-ci ildə tamaşaçılara təqdim olunan “Madaqaskar” cizgi filmidir. Rejissorları Erik Darnell, Kornad Vernon və Tom Makqart olan filmin 3 seriyası çəkilib. Animasiya filmində Aleks, Marti, Melman və Qloriyanın macəralarından bəhs edilir.

Qeyd edək ki, filmin 3-cü seriyası (“Madaqaskar 3: Avropanın ən çox axtarılanları”) 746 milyon dollarla ən çox gəlir gətirən qısametrajlı cizgi filmləri və ümumilikdə ən çox gəlir gətirən filmlər sırasında yer alıb.

Haqqında bəhs etdiyimiz cizgi filmləri bu gün də balaca tamaşaçılar tərəfindən sevilərək izlənilir.

Nurəddin MƏMMƏDLİ