AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun kollektivi də fəaliyyətini karantin şəraitinə uyğunlaşdıraraq onlayn şəkildə davam etdirir. İnstitut tərəfindən hazırlanan “Türk dünyasının coğrafiyası və etnosu” kitabının üçüncü cildi üzərində işlər də davam edir. İnstitutun 20-dən çox alimi öz bölmələrini yazıb elektron formada təqdim ediblər.

“Regional coğrafiya” adlanan cildin birinci fəsli müstəqil türk dövlətlərinə həsr edilib. İkinci fəsil Rusiya Federasiyası tərkibində olan milli türk qurumlarının, Çin Xalq Respublikasının tərkibindəki Sintszyan-Uyğur Muxtar rayonunun fiziki və iqtisadi-sosial coğrafiyası, üçüncü fəsli isə müstəqil dövləti və milli qurumu olmayan türk xalqlarının coğrafiyası haqqındadır.

Kitabın buraxılışına məsul olan elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənovun məlumatına görə, bu əsər son illər Coğrafiya İnstitutunun yerinə yetirdiyi və respublika miqyasından kənar ərazilərin coğrafiyasına həsr edilən ən mühüm işlərdən biridir. Kitabın birinci cildi 2019-cu ildə çap edilib. Həmin cild rus dilinə də tərcümə olunaraq oxucuların istifadəsinə verilib. İkinci cild bu ilin əvvəlində çapdan çıxıb.

Kitabın digər cildlərinin də rus dilinə tərcümə edilməsi və MDB məkanında yerləşən türkdilli dövlətlərə, eləcə də Rusiya Federasiyası tərkibindəki milli türk qurumlarına göndərilməsi nəzərdə tutulur.