Türkiyənin Dənizli vilayətində yerləşən, UNESCO-nun Dünya irs siyahısına daxil olan Pamukkale pandemiya səbəbindən bir aydan çoxdur ki, ziyarət üçün bağlanıb və bu gün ağappaq görünüşü ilə xüsusilə diqqəti cəlb edir.

Hər il dünyanın dörd bir yanından milyonlarla turistin ziyarət etdiyi bu məkandan indi yalnız quşların səsləri eşidilir.

Pamukkale bir vaxtlar möhtəşəm olmuş qədim şəhərin – İyerapolisin xarabalıqları ilə əhatə olunub. Təbii bulaqların əmələ gətirdiyi kalsium bikarbonatla zəngin gur şəlalələr ağappaq travertin terraslardan üzüaşağı axır, dünyada analoqu olmayan bəyaz səthli termal su hövzələri əmələ gətirir.

Pamukkaledəki 17 unikal termal bulaq Yer kürəsinin 20 ən qeyri-adi yeri siyahısına daxildir. Gün işığında bu bulaqlar parlaq mərmər daşlara və ya hətta buza oxşayır. Ötən il Pamukkaleni 2,6 milyon turist ziyarət edib.