Xaricdəki musiqiçi soydaşlarımızın onlayn konsertləri davam edir

Azərbaycan Diasporuna Dəstək Fondunun koronavirus pandemiyası səbəbiylə karantin rejiminin tətbiq olunduğu günlər ərzində xaricdə yaşayan azərbaycanlıların asudə vaxtlarının səmərəli təşkilinə kömək etmək, xaricdə yaşayan soydaşlarımıza yüksək əhval-ruhiyyə bəxş etmək məqsədilə təşkil etdiyi silsilə konsert proqramları davam edir. Bu konsert proqramlarına ölkəmizdə də soydaşlarımız maraq göstərir.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı musiqiçilərin iştirakı ilə konsertlər Diasporla İş üzrə Dövlət Komitəsinin “Facebook” sosial şəbəkə hesabı üzərindən canlı yayımlanır.

Aprel ayının ortalarından başlayan “Biz birlikdə güclüyük” konsert proqramı layihəsində indiyədək Avstriyadan Abuzər Manafzadə və Karen Danger-Manafzadə, Fransadan Ağarəhim Quliyev və Səidə Zülfüqarova, ABŞ-dan Nərgiz Əliyarova, Oman Sultanlığından Vüsalə Əmirbəyova çıxış ediblər.

Aprelin 23-də Vyanadan Jalə Rəsulova və Fərid Feyzullayevin birgə konserti yayımlanıb.

Azərbaycanın Əməkdar artisti İslam Manafov və qızı bəstəkar, pianoçu, dirijor Turan Manafzadə Türkiyədən aprelin 26-da konsert proqramı ilə çıxış edəcəklər.

Növbəti proqram Niderland Krallığında yaşayan azərbaycanlı musiqiçi Firəngiz Bağırovanın iştirakı ilə təqdim olunacaq. O, aprelin 29-da solo ifa ilə çıxış edəcək.

Bütün konsert proqramları Bakı vaxtilə saat 22:00-da yayımlanır.