İndi bu sual bir neçə ay əvvəl yay mövsümü üçün istirahət planları quran hər kəsi maraqlandırır. Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi hazırkı dövrdə bütün sərhədlərini bağlayan ölkələrdə yay turizminin aqibəti ciddi narahatlıq doğurur.

Dünyanın aparıcı turizm ölkələrində hələlik pandenmiyanın ağır dövrü arxada qalmasa da, perspektiv üçün tədbirlər görülür.

Ötən il Türkiyəyə gələn turistlərin təxminən üçdəbiri Antalyanı seçib. Antalya valisi Münir Karaloğlu 2019-cu ildə bölgədə istirahət edən 16 milyon xarici turistə “Evdə qal, lakin Antalya barədə xəyal qur” (Dream Home Antalya) mesajı yazacağını elan edib. Valinin sözlərinə görə, turizm koronavirus pandemiyasından sonra tez bir zamanda bərpa ediləcək sahə ola bilər. Bu səbəbdən hətta böhran zamanı da müştərilərlə ünsiyyət qurmaq və pandemiyanın öhdəsindən uğurla gələn vilayət barədə məlumat vermək lazımdır. M.Karaloğlu Antalyada dincəlmiş qonaqlarla elektron poçt və messencerlər vasitəsilə əlaqə saxlayaraq pandemiyadan sonra onları qonaq gözlədiklərini xatırlatmağı vacib hesab edir.

Türkiyədə hər il aprel ayında başlanan yay turizm mövsümünün bu il nə vaxt açılacağı bəlli deyil. Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, mayın sonuna doğru ölkədaxili turizm də fəaliyyətə başlaya bilər. Xarici turizmə gəlincə, pandemiya bitdikdən sonra ilk mərhələdə Asiya ölkələrindən turistlərin Türkiyəyə gələcəyi ehtimal olunur.

Turizmin yüksək səviyyədə inkişaf etdiyi Avstriyada sektoru təmsil edən qurumlar yayda ölkə sərhədlərinin bağlı qalacağı ehtimalından məmnun deyillər. Alman turistlər Avstriyada turizm obyektlərinin əsas müştəriləridir və yay mövsümündə onların ölkəyə girişinin qadağan edilməsi buradakı turizm obyektlərinin bir hissəsinin iflasına gətirib çıxara bilər.

Avstriyanın Federal Kənd Təsərrüfatı naziri (turizm sektoruna nəzarət bu nazirliyin tabeliyindədir) Elizabet Köstinqer bildirib ki, hazırda həm Avstriyada, həm də Almaniyada koronavirusa qarşı mübarizədə uğurlu nəticələrin əldə olunmasını nəzərə alsaq, iki ölkə arasında turistlərin hərəkəti mümkün ola bilər. Nazir qeyd edib ki, səyahət məhdudiyyəti qarşıdakı bir neçə ayda qüvvədə qalacaq və yalnız virusla mübarizədə müsbət irəliləyişlər əldə etmiş ölkələrlə sərhədlərin açılması nəzərdən keçiriləcək.

Pandemiya və iqtisadi böhran səbəbindən bu il Braziliyada turizm gəlirlərinin 2019-cu illə müqayisədə 40 faiz azalacağı gözlənilir. Bu barədə Braziliyanın Jetuliu Varqasa Fondunun (FGV) dərc etdiyi “COVİD-19-un iqtisadi təsiri. Braziliya turizmi üçün təkliflər” tədqiqatında bildirilir. Turizm Braziliyada ÜDM-in təxminən 4 faizini təşkil edir. Tədqiqatda turizm sektorunun tənzimlənməsi və normal fəaliyyətə qayıdış prosesinin 12 aya qədər davam edəcəyi proqnozlaşdırılır.

CAVİD