Mədəniyyət Nazirliyinin “Mədəniyyət” kanalı ilə birgə həyata keçirdiyi “Bizi birləşdirən mədəniyyət” layihəsinin konsepsiyasına uyğun olaraq, Bakı Xoreoqrafiya Akademiyasının (BXA) “Biz varıq və biz birlikdəyik” virtual layihəsi uğurla davam edir.
Akademiyadan bildirilib ki, layihə çərçivəsində BXA-da çalışan balet və rəqs ustalarının, pedaqoqların, musiqiçi, sənətşünas, eləcə də doktorant və dissertantların mühazirə, ustad dərsi və ifaları, onların elmi-yaradıcılıq fəaliyyətini əks etdirən videomateriallar təhsil müəssisəsinin rəsmi “Facebook” səhifəsində nümayiş olunur.
Aprelin 15-dən start verilən layihədə Bakı Xoreoqrafiya Akademiyasının Klassik rəqs kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi, baş müəllim Mayra Almaszadə, Baletmeyster sənəti kafedrasının müdiri, professor Lyudmila Həsənova, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, Əməkdar müəllim, professor Vəfa Əliyev, Musiqi fənləri kafedrasının müəllimləri – Əməkdar mədəniyyət işçisi, dosent Eldar Dadaşov, dosentlər Aynur Hüseynova, Nigar Ağayeva, baş müəllim Lalə Hüseynli, tarzən Elnur Cəfərli, Sənətşünaslıq kafedrasının müəllimi, rəssam Anar Səfərli, dissertant, Azərbaycan Rəssamlar İttifaqının üzvü Əli Əliyev öz işlərini təqdim ediblər.
Ümumilikdə, bu günə kimi elm və yaradıcılıqla bağlı 10 videogörüş keçirilib və layihənin davamında daha böyük auditoriya və mütəxəssislərin əhatə olunması nəzərdə tutulur.