Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının aprelin 1-dən etibarən birgə reallaşdırdığı “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzindən (BMM) növbəti canlı konsert proqramı təqdim olunub.

Layihənin “Əbədiyaşarlarımız” adlı təqdimatının buraxılışı görkəmli bəstəkar, Xalq artisti Arif Məlikovun yaradıcılığına həsr edilib.

Canlı yayımda BMM-in solistləri Ayşən Mehdiyeva və Sərxan Bünyadzadə çıxış ediblər. Solistlərin ifasında muğamlarımız, xalq mahnıları və təsniflər səsləndirilib. Verilişə qonaq olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistri, rəssam Röya Həsənova layihəyə töhfə olaraq Arif Məlikovun portretini təqdim edib.

 “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində aprelin 25-də BMM-dən yayımlanan  növbəti canlı proqramın qonaqları Xalq artisti Nurəddin Mehdixanlı və Əməkdar artist Aybəniz Haşımova olub.

Nurəddin Mehdixanlı bildirib ki, karantin günlərində xalqımızın birlik nümayiş etdirməsi, pandemiyanın geniş yayılmasının qarşısının alınması Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında qəbul edilən qərarların nəticəsidir: “Biz sənət adamları da öz növbəmizdə bir olmağı, insanlara ümid verməyi bacarmalıyıq”.

Aktyor həmçinin çalışdığı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırlanan yeni tamaşalardakı rolları haqqında tamaşaçılara məlumat verib.

Aybəniz Haşımova sənət yolu və sosial izolyasiya günlərində fəaliyyəti ilə bağlı danışıb. Müğənni vaxtilə çalışdığı “Dan ulduzu” instrumental ansamblı ilə bağlı xatirələrini də bölüşüb. 

Verilişin qonaqları yaradılan şəraitə görə layihənin təşkilatçılarına minnətdarlıq ediblər.

Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftənin üç günü “Mədəniyyət” kanalı ilə canlı olaraq Beynəlxalq Muğam Mərkəzindən yayımlanır. Canlı yayımlar eyni zamanda BMM-in “Facebook” səhifəsindən də təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən BMM-in sosial şəbəkə səhifələrində izləyicilərə təqdim olunur.

Karantin günlərində BMM-in “Unudulmayanlar” layihəsi də sosial şəbəkə hesabları vasitəsilə davam etdirilir. Layihənin  koordinatoru Gülhüseyn Kazımlı və musiqişünas, professor Nailə Rəhimbəyli muğam sənəti tariximizdə iz qoyan Keçəçioğlu Məhəmməd, “Azərbaycan tarının atası” adlandırılan Sadıqcan və ustad xanəndə Xan Şuşinskinin yaradıcılığını əsk etdirən videotəqdimatlarla çıxış ediblər. Həmçinin xanəndələrin ifalarından nümunələr təqdim olunub. Layihə izləyicilər tərəfindən maraqla qarşılanır.

 “Bizi birləşdirən mədəniyyət” layihəsinin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır.

LALƏ