Xüsusi karantin rejimi dövründə Azərbaycan İstiqlal Muzeyi də virtual şəkildə fəaliyyət göstərir. Muzey əməkdaşları tərəfindən müxtəlif layihələr reallaşdırılır, virtual treninq keçirilir, onlayn ekskursiyalar təşkil olunur.
Aprelin 24-də İstiqlal Muzeyi tərəfindən virtual olaraq Bərdə Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Bərdə, Yevlax, Tərtər rayonlarının, Mingəçevir şəhər tarix-diyarşünaslıq muzeylərinin və Heydər Əliyev mərkəzlərinin əməkdaşları üçün “Fond işinin təşkili və idarə edilməsi” mövzusunda təlim-treninq keçirilib.
Muzeyin baş mühafizi, Əməkdar mədəniyyət işçisi Aida Axundovanın moderatoru olduğu treninq zamanı fond işinin idarə olunması, fondda olan eksponatların havalandırılması və s. haqqında məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Aprelin 27-də İstiqlal Muzeyi tərəfindən Sabirabad Regional Mədəniyyət İdarəsi (Sabirabad, Saatlı və Hacıqabul rayonları, Şirvan şəhəri) və Gəncə Regional Mədəniyyət İdarəsi üzrə (Gəncə və Naftalan şəhərləri, Samux, Goranboy, Xocalı və Kəlbəcər rayonları) Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq, ev və xatirə muzeylərinin əməkdaşları üçün də eyni mövzuda onlayn treninq keçirilib.
Əməkdar mədəniyyət işçisi Aida Axundova ayrı-ayrı muzeylərdə çalışan əməkdaşlarının suallarını cavablandırıb. Xüsusi karantin rejimində muzey əməkdaşlarının fəaliyyəti ilə əlaqədar metodiki tövsiyələr verilib.