Respublikamızın regionlarındakı mədəniyyət mərkəzləri və onların filialları tərəfindən xüsusi karantin rejimində əhaliyə göstərilən xidmətlərin yeni forması, həyata keçirilən layihələr, gələcək işlər Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun iştirakı ilə keçirilən videokonfransda müzakirə olunub.
Aprelin 24-də təşkil olunan videokonfransa Mədəniyyət Nazirliyinin müvafiq struktur bölməsinin əməkdaşları və şəhər (rayon) mədəniyyət mərkəzlərinin rəhbərləri, habelə regional mədəniyyət idarələrinin nümayəndələri qatılıb.
Konfransı giriş sözü ilə açan nazir müavini Rafiq Bayramov ölkə rəhbərliyinin əhalinin sağlamlığına göstərdiyi diqqəti, xüsusi karantin rejimində insanlara dövlət səviyyəsində olan qayğını qeyd edərək mədəniyyət sahəsində fəaliyyət göstərən insanların da bu diqqət və qayğını hiss etdiyini bildirib. Qeyd edilib ki, bu dövrdə müəssisələrin idarəçiliyində, habelə əhaliyə göstərilən mədəni xidmətlərin təqdimat formasında uyğunlaşdırılma aparılıb, internet üzərindən, müasir informasiya texnologiyalarından istifadə edilməklə iş qurulub.
Nazir müavini əhalinin asudə vaxtının səmərəli təşkilində mədəniyyət mərkəzləri və onların filiallarının üzərinə düşən vəzifələri bir daha xatırladaraq, onların postpandemiya dövrünə hazır olmalarını, gələcəkdə öz işlərini daha innovativ vasitələrlə qurmalarını tövsiyə edib. O, nazirlik tərəfindən xalq yaradıcılığının inkişafı, təbliği, sosial təcrid rejimində əhalinin asudə vaxtının təşkili məqsədilə həyata keçirilən “Yaradıcılığı evdə öyrən” və “Evim yeni iş yerim” layihələrinin əhəmiyyətini qeyd edərək, bu layihələrin insanların marağını cəlb etməsi və faydalı olması onların kütləviləşməsi üçün zəmindir.
Nazirliyin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Günel Aslanova çıxış edərək xüsusi karantin dövründə internet üzərindən reallaşdırılan layihələr, onlayn konsertlər barədə məlumat verib. Bildirib ki, hər gün çoxsaylı videodərslər #yaradıcılığıevdəöyrən həştəqi ilə sosial şəbəkələrdə paylaşılır. Nazirliyin müəssisələrinin yeni marketinq və menecmentlik üsulları barədə #evimyeniişyerim həştəqi ilə videolar yayımlanır. Həmçinin 9 May – Qələbə Gününə həsr edilmiş “Qəhrəman böyüklərim” adlı layihənin başlanacağı diqqətə çatdırılıb.
Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdir müavini Vüqar Məmmədov qeyd edilən layihələr barədə mütəmadi olaraq internet üzərindən monitorinq aparıldığını deyib, əhaliyə mədəni xidmətlərin göstərilməsi üçün bu layihələri daha aktiv davam etdirməyin vacib olduğunu bildirib.
Sonda nazir müavini Rafiq Bayramov mədəniyyət mərkəzləri və onların filiallarının əməkdaşlarına xüsusi karantin rejimi dövründə fəal işlədiklərinə görə təşəkkürünü bildirib.
R.Bayramov həmçinin sahənin inkişafı ilə bağlı təkliflərin hazırlanması barədə tapşırıqlar verib.