Azərbaycan xalq musiqisinin emosional koloritinə, ritminə, tempinə, bədiiliyinə uyğunlaşmış milli musiqi alətlərimiz uzun tarixi inkişaf yolu keçərək ənənəvi musiqi ifaçılığının və yaradıcılığının bir çox cəhətlərini bu günümüzə gətirib çatdırıb.
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin təqdim etdiyi “Xilas edilmiş mədəni sərvətlər: musiqi alətləri” elektron kataloqunda bu irsdən bəhs olunur. Mərkəzdə respublikanın müxtəlif muzeylərindən daxil olan musiqi alətlərinin tarixi tədqiq olunur, öyrənilir, alətlərin ölçüləri, materialın növü, hazırlanma və quraşdırılma texnologiyası araşdırılır. Toplanmış materiallar əsasında musiqi alətlərinin əvvəlki görkəmləri yenidən bərpa edilərək muzeylərə qaytarılır.