Mayın 10-da Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Lider” televiziyasının çəkdiyi "Unudulmaz" sənədli filminin təqdimat mərasimi keçirildi.
Film ulu öndərin Amerika Birləşmiş Ştatlarının Klivlend şəhərindəki klinikada müalicə aldığı günlərdən bəhs edir. Sənədli ekran əsəri 1999-2003-cü illəri əhatə edir.
Təqdimatdan əvvəl çıxış edən müəllif Elnur Niftəliyev bildirdi ki, ulu öndər haqqında bu günə kimi onlarla film çəkilib, onun irsi geniş tədqiq edilir. Amma bir səhifə də var idi ki, indiyədək ekran əsərlərində tam əksini tapmamışdı. Bu onun həyatının xüsusi bir səhifəsidir. ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində yerləşən klinikada ümummilli lideri müalicə edən həkimlərin hər birinin səmimi fikriləri bu filmdə yer alıb. Bu fikirlər zamanı bir daha təsdiq olundu ki, Heydər Əliyev hər zaman Azərbaycan haqqında düşünüb.
Sonra film nümayiş olundu. Filmdə 1999-2003-cü illərdə Klivlend klinikasında ulu öndəri müalicə edən həkimlərin, xəstəxananın xidməti əməkdaşlarının fikirləri yer alıb. Klinikanın beynəlxalq şöbəsinin müdiri Nizar Zeyn, həkim-cərrahlar Murad Tuzçu, Bruys Laytl Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək onun müalicə dövründəki anları xatırlayırlar. Maraqlı kadrlarla zəngin olan filmdə ulu öndərin həkimlərindən özəl müsahibələr, video arxiv nümunələr tamaşaçıda maraq yaradır.
Nümayişdən sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev səhnəyə çıxaraq yaradıcı heyəti təbrik etdi. Ulu öndərin tamaşaçıların indiyədək izləmədiyi, eşitmədiyi maraqlı məqamlarla dolu həyatının bir parçasının təqdim edilməsinə səy göstərən yaradıcı heyətə və “Lider” telekanalına təşəkkürünü bildirdi.
Təqdimat mərasimində Yeni Azərbaycan Partiyasının nümayəndələri, “Lider” televiziyasının rəhbərliyi, Milli Məclisin deputatları, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları iştirak edirdi.
“Unudulmaz” sənədli filminin müəllifi jurnalist Elnur Niftəliyev, rejissoru Orxan Quliyev, redaktoru İlham Abdulovdur.
Lalə Azəri