Karantin rejimi “Qavaldaş” festival-müsabiqəsinə əngəl deyil
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkil etdiyi “Qavaldaş” zərb alətləri üzrə uşaq və gənclərin festival-müsabiqəsi bu il onlayn platformada keçirilir. İlk dəfə 2018-ci ildə reallaşmış layihənin məqsədi xalq zərb alətlərinin, o cümlədən nağaranın musiqi ənənələrinin canlandırılmasıdır.
Mərkəzin direktoru, festival-müsabiqənin layihə müəllifi Firuzə Sultanzadə bildirib ki, təşkilatçılar bu il beynəlxalq onlayn festival-müsabiqə keçirməklə onun əhatə dairəsini genişləndirmək qərarına gəliblər. Təşəbbüs müxtəlif ölkələr tərəfindən dəstəklənib. Həmçinin qərara alınıb ki, gələcək “Qavaldaş” müsabiqəsində milli zərb alətimiz nağarada hər bir beynəlxalq iştirakçının ifası təqdim edilsin, beləliklə, bu alət daha geniş miqyasda təbliğ olunsun.
“Özünütəcrid günlərində hamımız evdə oturanda, “Qavaldaş” festivalı dünya xalqlarının parlaq səsləri və ritmləri ilə həyatımıza daxil oldu. Festivalın şüarı “Evdə qal, ritmdən qalma!” zamana və müsabiqənin konsepsiyasına tam uyğundur!”, - deyə Özbəkistandan “Barkamol Avlod” uşaq məktəbinin direktoru Tamarkhon Mirsaqatova qeyd edib.
“Aramızda məsafə olsa da, birlikdəyik. Gənc nəslin ünsiyyət qurması, dostluq etməsi, fərqli mədəniyyətləri mənimsəməsi çox vacibdir. Düşünürəm ki, tezliklə bütün problemlər aradan qaldırılacaq. Hamıya sağlamlıq, firavanlıq və məqsədə çatmağı arzulayıram”, – bunu isə Minsk şəhər Musiqi məktəbinin müəllimi Aleksey Zemlyakov bildirib.
Aprelin 7-dən 30-dək davam edən festival-müsabiqəyə Azərbaycan, İsveçrə, Malayziya, Türkiyə, Rusiya, Belarus, Ukrayna, Özbəkistan, Qazaxıstan və Tacikistandan 150 ifaçı qatılıb. Müsabiqə musiqi məktəbləri və məktəbdənkənar təhsil müəssisələrinin tələbələri arasında dörd yaş qrupu üzrə (7-11, 12-16, 17-21 və qarışıq yaş kateqoriyası) keçirilir. Festival iştirakçıları hər hansı milli və müasir zərb alətində fərdi və ya kollektiv olaraq ifasının videosunu müsabiqənin elektron poçt ünvanına göndərirlər.
İştirakçıları Azərbaycan, İsveçrə, Türkiyə, Özbəkistan, Ukrayna, Tacikistan, Belarus zərb alətləri ifaçıları, incəsənət xadimləri və müəllimlərdən ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirir. Əməkdar artistlər Kamran Kərimov, İsgəndər Ələsgərov, Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Ələkbər Məmmədov, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin müəllimi Azər Məlikov da münsiflər heyətindədir. Hər yaş kateqoriyası üzrə qaliblər kubok və diplomlarla təltif ediləcək, həmçinin bütün iştirakçılara sertifikatlar təqdim olunacaq.