Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə həyata keçirdiyi “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində gerçəkləşən “Əbədiyaşarlarımız” telehəftəsi bu dəfə (27 aprel – 3 may) görkəmli bəstəkarlar Vasif Adıgözəlov və Xəyyam Mirzəzadənin yaradıcılığına həsr olunub.

Həftə ərzində hər iki bəstəkarın zəngin yaradıcılığı təqdim olunur, opera və balet musiqiləri, kamera və simfonik əsərləri, mahnıları və s. səsləndirilir. Layihənin buraxılışlarında Əməkdar artist İlham Nəzərov, Nərgiz Əliyeva və Ayla Kərimova- Zəkəriyyənin ifalarında hər iki bəstəkarın yaradıcılıqlarından nümunələr təqdim edilib.

Aprelin 29-da Vasif Adıgözəlovun “Natəvan” operası telekanalda nümayiş olunub. Eyni zamanda layihədə iştirak edən müəssisə və musiqi məktəbləri kollektivlərinin ifalarında bəstəkarların əsərlərindən ibarət üç dəqiqəlik videoroliklər təqdim edilib.

Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin həftə buraxılışında həmçinin tarzən, Xalq artisti, professor Ramiz Quliyevin doğum günü ilə əlaqədar aprelin 30-da sənətkarın solo konserti tamaşaçılara təqdim olunub. Həmin gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında nümayiş olunan M.Maqomayevin “Şah İsmayıl” operasının lent yazısı da sənətsevərlər üçün nümayiş etdirilib.

Layihə üzrə mayın 2-də Xalq artisti, pianoçu Fərhad Bədəlbəyli solo ifası ilə tamaşaçıların görüşünə gələcək.

Aprelin 1-dən davam edən “Bizi birləşdirən mədəniyyət” layihəsinin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimizi, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır.

LALƏ