Xüsusi karantin dövründə fəaliyyətini virtual müstəviyə köçürən teatrlar da mart ayında qismən, aprel ayında isə bütünlüklə bu rejimdə fəaliyyət göstəriblər.
Bu müddətdə repertuar tamaşalarını əsasən sosial şəbəkə platformaları üzərindən təqdim edən paytaxt və digər şəhərlərdəki dövlət teatrlarının sırasına bəzi müstəqil və xalq teatrları da qoşulub. Teatrlar həmçinin bu mövzuda Mədəniyyət nazirinin iştirakı ilə keçirilən videokonfransda səslənən fikir və tövsiyələri də diqqətə alırlar.
Sosial təcrid və karantin rejiminin may ayında nə qədər davam edəcəyi bəlli olmasa da, bir sıra teatrlar artıq bu ay üçün də virtual repertuarlarını təqdim ediblər. Teatrların virtual repertuar tərtibatında ötən müddətdə tamaşaçılarla onlayn ünsiyyətdən irəli gələn məqamları, o cümlədən onların sosial şəbəkə ünvanlarına gələn istək mesajlarını diqqətə aldığı da yəqindir.
Hətta bəzi teatrlar aprel ayı üzrə virtual izləyici sayını da gözdən keçirərək növbəti repertuarı təqdim edir. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrından verilən məlumata görə, aprel ayında yayımlanan 30 tamaşanın ümumilikdə 14 mindən çox virtual izləyicisi olub.