Azərbaycan Universitetində Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə keçirilən “Pandemiya və biz” adlı vebinarda (onlayn seminar) dünya tarixində baş vermiş epidemiyaların ədəbi-bədii fikirdə əksindən söhbət açılıb.

Kafedranın müdiri Ülviyyə Rəhimova vebinarda Covanni Bokkaçço yaradıcılığında pandemiyanın ədəbi-estetik qoyuluşu, Alber Kamyunun “Taun” əsəri, pandemiya və müasir düşüncə kimi mövzular haqqında çıxış edib. Qeyd edib ki, C.Bokkaççonun “Dekameron” əsərində Florensiyada vəbanın tüğyan etməsi və insanların könüllü şəkildə karantinə çəkilmələri təsvir olunurdusa, Kamyu baş verməmiş hadisədən çıxış edərək taunun heç vaxt olmadığı Əlcəzairin Oran şəhəri timsalında sanki bəşəriyyətin təxminən 70 il sonra başına gələcək bəlanı görüb və təsvir edib.

Kafedranın professoru Asif Hacıyev “Şeirdə, lirikada pandemiya” mövzusunda çıxış edib. Diqqətə çatdırıb ki, şeir, bədii publisistika daha mobil səciyyə daşıyır və şübhəsiz ki, onlar koronavirus pandemiyasına ilk ədəbi-bədii reaksiya olacaqlar.

Professor bildirib ki, sosial təcrid günlərində müsbət təcrübələr də yaşanır. Pandemiya tələbələrlə müəllimləri texnoloji olaraq eyni müstəviyə gətirib və çox yaxın gələcəkdə ölkədə uzun müddətdir müzakirə olunan distant təhsilin normativ bazası, resursları və metodikası ilə bağlı addımlar atılacağı gözləniləndir. Professor vebinara qoşulan tələbələrə karantin günlərini səmərəli keçirmələri üçün tövsiyələr verib.

Xatırladaq ki, dünyada müxtəlif vaxtlarda baş vermiş qorxunc epidemiyaların mədəni irsdə, ədəbiyyatda əksi, incəsənətə (təsviri sənət, kino və s.) təsiri mövzusu qəzetimiz  tərəfindən də gündəmə gətirilib. “Mədəniyyət”in ötən saylarında bu mövzuda silsilə yazılar dərc olunub.