Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi tədqiqat laboratoriyası onlayn rejimdə iclas və seminarlarını davam etdirir. Aprelin 28-də keçirilən onlayn seminarda aparıcı elmi işçi, dosent Ariz Abduləliyevin “Məmmədsaleh İsmayılovun elmi və pedaqoji fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib.

Qeyd edilib ki, görkəmli musiqişünas-alim, Əməkdar incəsənət xadimi, professor M.S.İsmayılovun elmi və pedaqoji fəaliyyəti Bakı Musiqi Akademiyasının Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının fəaliyyəti ilə sıx bağlı olub. Alim uzun illər bu kafedraya rəhbərlik edib.

Məruzəçi görkəmli alimin məqalələri, monoqrafiyaları, dərs vəsaiti, 1930-40-cı illərdə topladığı folklor materiallarının əlyazmaları haqqında əyani məlumatlar verib.

Seminarda BMA-nın elmi tədqiqat laboratoriyasının əməkdaşları, elm və yaradıcılıq işləri üzrə prorektor, professor Gülnaz Abdullazadə iştirak edib.