“COVİD-19 cəmiyyətlərimiz və iqtisadiyyatlarımızın sarsıntı qarşısında kövrəkliyini açıq nümayiş etdirdi. Burada yeganə cavab cəsarətli, uzaqgörən və əməkdaşlığa əsaslanan rəhbərlik keyfiyyətləridir”.

Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq xüsusilə aktualdır. Əminəm ki, bu gün dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən edilən çıxışlarda səslənən dəyərli fikirlər və təkliflər koronavirus xəstəliyinə qarşı bizim birgə mübarizəmizə töhfə verəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə keçirilən Zirvə görüşündə deyib.

“COVİD-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil edilib. Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirilib.

Zirvə görüşünün iştirakçılarını salamlayan Prezident İlham Əliyev giriş nitqində 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının qlobal pandemiya şəraitində vahid formatda bir araya gəlməsinin əhəmiyyətini vurğulayıb. Prezident qeyd edib ki, 2019-cu il oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə 120 üzv dövlətin yekdil dəstəyi ilə Azərbaycan üç il ərzində Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürüb.

“Sədrliyi öz üzərimizə götürərkən mən bəyan etdim ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaqdır. Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlamış və praktiki fəaliyyətə başlamışdır. Koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişmiş və nəticədə yeni reallıqlar meydana çıxmışdır. Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya vermişdir. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü bunu göstərir”, – deyə dövlət başçısı bildirib.

Azərbaycanda  koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran Prezident İlham Əliyev qeyd edib ki, pandemiya dövründə bizim üçün prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir: “Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınmış və ya ləğv edilmişdir. Mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi tədricən dayandırılmışdır. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilmişdir. Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılmışdır. Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar Azərbaycana gətirilmişdir. Testlərin aparılması üçün ölkədə 23 laboratoriya fəaliyyət göstərir. Daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanmışdır. Beləliklə, həyata keçirilən bütün bu tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınmışdır”.

Dövlət başçısı əlavə edib ki, əhali arasında virusa yoluxma sürətinin aşağı düşməsini, xəstələrin sağalma dinamikasını nəzərə alaraq, xüsusi karantin rejimindən çıxış planı mərhələli şəkildə həyata keçirilir. Xüsusi karantin rejimi mayın 31-nə qədər uzadılsa da, tətbiq edilən bir sıra məhdudiyyətlər aprelin 27-si və mayın 4-dən etibarən yumşaldılıb.

Həmçinin ölkədə iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3,5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunub. Ümumilikdə dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq iki ay ərzində vəsait ödənilir.

Prezident vurğulayıb ki, pandemiya şəraitində ölkələr arasında ticarətin açıq saxlanılması və beynəlxalq yükdaşımaların fasiləsiz olaraq həyata keçirilməsi vacibdir. Azərbaycan artıq Avrasiyada önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib və Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasında böyük rol oynayıb. Pandemiya dövründə də Azərbaycan etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin edir.

Eyni zamanda, tibb mütəxəssislərinin təcrübə mübadiləsi, virusa qarşı mübarizədə əldə edilmiş təcrübənin, məlumatların, elmi biliklərin bölüşülməsi, ehtiyacı olan ölkələrə yardım göstərilməsi mühüm əhəmiyyət kəsb edir: “Zirvə görüşünün təklif olunan Bəyannaməsində qeyd edildiyi kimi, Qoşulmama Hərəkatının yaradılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcəkdir. Həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcəkdir”.

Prezident həmçinin pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycanın Dünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırdığını deyib. Xatırladaq ki, Azərbaycan bundan öncə də  Dünya Səhiyyə Təşkilatına pandemiyaya qarşı mübarizə üçün 5 milyon dollar ianə etmişdi. İndiki vəsait ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur.

Dövlət başçısı daha sonra deyib: “120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Azərbaycanın sədrliyi dövründə birgə səylərimizlə Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oynadığı rolunu artırmaq əzmindəyik. Ölkələr arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək xüsusi rol oynayır”.

***

Zirvə görüşündə daha sonra BMT-nin Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande çıxış edərək Azərbaycanın dövlət başçısına bu təşəbbüsünə görə təşəkkürünü bildirib. “Heç bir ölkə qarşıya çıxan bu çətinliyi, bu maneəni təkbaşına aradan qaldıra bilməz. Biz BMT olaraq çox böyük məmnunluqla bu cür təşəbbüsləri dəstəkləyirik”, – deyə o əlavə edib.

Sonra BMT-nin baş katibi Antonio Quterreşin videomüraciəti dinlənilib. O, görüşü təşkil etdiyinə görə Azərbaycan Prezidentinə təşəkkür edərək deyib ki, hazırda dünya ictimaiyyəti ağır sınaqdan keçməkdədir: “COVİD-19 cəmiyyətlərimiz və iqtisadiyyatlarımızın sarsıntı qarşısında kövrəkliyini açıq nümayiş etdirdi və Dayanıqlı İnkişaf Məqsədlərinin icrasını təhdid edərək, dərin qeyri-bərabərliyi bütün çılpaqlığı ilə üzə çıxardı. Burada yeganə cavab cəsarətli, uzaqgörən və əməkdaşlığa əsaslanan rəhbərlik keyfiyyətləridir. Bu böhranın miqyası və mürəkkəbliyi əlaqələndirilmiş qlobal cavab tədbirlərini tələb edir”.

BMT-nin baş katibi mövcud vəziyyətdə üç təxirəsalınmaz prioritet olduğunu vurğulayıb: COVİD-19 pandemiyasına son qoymaq, onun sosial-iqtisadi təsirlərini aradan qaldırmaq və bərpa mərhələsində daha güclü əsasları quraraq heç kəsi kənarda qoymamaq.

Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus da görüşdə çıxış edib. O, ölkəmizin təşkilata dəstəyini yüksək dəyərləndirərək koronavirusla mübarizə üçün daha 5 milyon dollar maliyyə yardımı ayrılmasına görə Prezident İlham Əliyevə təşəkkür edib: “Tamamilə aydındır ki, heç bir ölkə öz ölçüsündən, resurslarından, pul imkanlarından asılı olmayaraq, pandemiyaya qarşı təkbaşına mübarizə apara bilməz. Biz həmrəy olmalıyıq, bütün siyasi sərhədləri aşaraq heç zaman görünmədiyi qədər bu mühüm işləri aparmalıyıq. Çünki virus özlüyündə iki əsas meyarın bir kombinasiyasıdır. O, sürətlə yayılır və o qatildir. Buna görə bizə qlobal həmrəylik və birlik lazımdır. Bu baxımdan, biz virusu önləməliyik, ondan öndə getməliyik”.

Zirvə görüşündə daha sonra Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat çıxış edib. Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciətini dinlənilib. Ardınca müxtəlif ölkələrin dövlət, hökumət başçıları və nazirləri çıxış ediblər.

Sonda mətni razılaşdırılmış Yekun Bəyannamə qəbul edilib.

Azərbaycan Prezidenti yekun nitqində konstruktiv iştiraka görə hər kəsə təşəkkür edib. Qlobal pandemiya ilə mübarizədə ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəyliyin önəmini vurğulayan dövlət başçısı eyni zamanda bu xəstəliyin mənfi təsirlərinin aradan qaldırılması məqsədilə pandemiyadan sonrakı dövr üçün iqtisadiyyat, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlıq üzrə səyləri artırmağın vacibliyini qeyd edib.

***

Xatırladaq ki, bir qədər əvvəl – aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə bu qurumun videokonfrans vasitəsilə görüşü keçirilmişdi. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirib. Beləliklə, Azərbaycan milli səviyyədə COVİD-19-la mübarizədə səmərəli tədbirlər görməklə bərabər, regional və qlobal miqyasda koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir.

Təsadüfi deyil ki, Qoşulmama Hərəkatı ölkələrinin mediası da görüşə geniş diqqət ayırmaqla yanaşı, Azərbaycan rəhbərinin təşəbbüskarlığını xüsusi qeyd edir. KİV-lər qeyd edirlər ki, Azərbaycan liderinin beynəlxalq əməkdaşlığa çağırışları üzv ölkələr, həmçinin BMT, Dünya Səhiyyə Təşkilatı və digər təşkilatlar tərəfindən dəstəklənib və təqdir olunub. Vurğulanır ki, bu virusa qarşı dünya miqyasında aparılan mübarizə siyasi sərhədlərin, hər hansı bir ideologiyanın, məfkurənin kənara qoyulmasını, birgə işləməyi tələb edir. COVİD-19 dünyanın müxtəlif guşələrinin bir-birinə nə dərəcədə bağlı olduğunu göstərdi. Qoşulmama Hərəkatının Zirvə görüşü bu qlobal çağırışa zamanında verilmiş cavabdır. Materiallarda qeyd olunur ki, Azərbaycanın bu təşəbbüsü qlobal miqyasda koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfədir.

BMT-nin rəsmi saytında Zirvə görüşü barədə dərc olunmuş material belə adlanır: “Qoşulmama Hərəkatının üzv ölkələri pandemiya ilə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının səylərinə tam dəstək nümayiş etdirdilər”.

Zirvə görüşünə dünyanın ən böyük beynəlxalq təşkilatının, yəni BMT-nin baş katibi, Afrika İttifaqının sədri,  Avropa İttifaqının ali nümayəndəsi də qatılmışdı ki, bu da ev sahibi qismində çıxış edən Azərbaycana həmin təşkilatların münasibətinin göstəricisi idi.

Qlobal pandemiya vəziyyətində beynəlxalq həmrəylik koronavirusa qarşı mübarizəni olduqca effektli edə bilər. Lakin bəzi hallarda buna nail olmaq o qədər də asan deyil. Azərbaycan bu vəziyyətdə beynəlxalq həmrəyliyi səfərbər etmək üçün təşəbbüskarlıq səylərini əsirgəmir.