Zərb çalğı alətləri ifaçılığı yarışmasının finalı onlayn formatda keçirilib
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə reallaşan “Qavaldaş” zərb çalğı alətləri ifaçılığı üzrə uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi keçirilib.
Layihənin məqsədi uşaq və gənclərin milli mənəvi ruhda inkişafı, onların istedadlarının üzə çıxarılması, zərb çalğı alətlərinin təbliği, Azərbaycanın milli ritm sənətinin layiqincə təmsil olunması, milli musiqi alətlərinin və mədəni irsin qorunması, o cümlədən nağara alətinin dünyada təbliği, bu sahədə gənc nəslin bilik və bacarıqlarının artırılmasından ibarətdir.
Aprelin 30-dan mayın 3-dək keçirilən müsabiqənin final mərhələsində Azərbaycanın rayonlarını və Bakı şəhərini, eyni zamanda Türkiyə, Malayziya, Rusiya, Belarus, Ukrayna, Özbəkistan, Qazaxıstan və Tacikistanı təmsil edən zərb çalğı alətləri ifaçıları çıxış ediblər. Üç yaş qrupunda iki nominasiya (ayrılıqda nağara və ümumilikdə digər zərb alətləri) üzrə 150-dək iştirakçı solo ifaları ilə milli zərb alətlərinin əsrarəngiz ritmlərini nümayiş etdiriblər.
“Qavaldaş” festival-müsabiqəsinin final mərhələsi Bakı şəhərindən yayımlanmaqla onlayn platformada keçirilib. Müsabiqənin münsiflər heyətində tanınmış zərb çalğı alətlərinin ifaçıları və nağara müəllimləri – Xayrullo Dadoboyev (Tacikistan), Efraim Zaltsman (İsveçrə), Denis Vasilyev (Ukrayna), Vohobjon Tursunov (Özbəkistan), Azərbaycan Milli Konservatoriyasının müəllimi, Əməkdar artist Kamran Kərimov, Əməkdar artist İsgəndər Ələsgərov, Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Ələkbər Məmmədov və Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin müəllimi Azər Məlikov yer alıb.
Müsabiqənin rəhbəri – Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə münsiflər heyəti ilə birgə iştirakçılara müsabiqənin gedişi haqqında məlumat verib. Mayın 3-də onlayn müsabiqənin final mərhələsi 5 saat fasiləsiz olaraq sosial şəbəkələrdə canlı yayımlanıb və müxtəlif ölkələrdən canlı yayıma qoşulublar.
Festival iştirakçıları müxtəlif milli və müasir zərb alətlərində (nağara, qoşanağara, doyra, baraban, litavra, tambur, djembe, kahon, darbuka, ksilofon) istedadlarını canlı nümayiş etdiriblər.
Beynəlxalq münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib. Nağara nominasiyası üzrə Sadiq Həvəskari (Bakı, Azərbaycan), zərb çalğı alətləri nominasiyası üzrə isə Nurilloh Samuqjanov (Daşkənd, Özbəkistan) Qran-pri mükafatına layiq görülüblər.
Həmçinin 7-11, 12-16 və 12-16 yaş üzrə hər iki nominasiyada (nağara və digər zərb çalğı alətləri) qalib və mükafatçılar müəyyən olunub.
Qaliblər diplom və kubok, digər bütün iştirakçılar isə sertifikatlarla təltif olunub. Bu il Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən beynəlxalq onlayn müsabiqə üçün mükafat fondu yaradılıb və maliyyə dəstəyi “Zeytun bağları” tərəfindən təsis edilib. Qaliblərə Qran-pri üçün 1000 manat və hər bir nominasiya üçün ayrılıqda (I yer 300 manat, II yer 200 manat, III yer 100 manat) pul mükafatları verilib.
Xatırladaq ki, artıq üçüncü ildir keçirilən “Qavaldaş” festival-müsabiqəsi pandemiya səbəbindən ilk dəfə onlayn platformada “Evdə qal, ritmdən qalma” devizi altında təşkil edilib.