UNESCO kimi mötəbər bir qurum tərəfindən Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin (1870-1933) adının 2020-2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsini yüksək beynəlxalq dəyərləndirmə hesab etməklə, bunun heç də səbəbsiz olmadığını xüsusi vurğulamaq istərdik. Qənaətimizcə, zamanında Peterburq Yol Mühəndisləri İnstitutunda ali təhsil alan (1891-1899) və adını Azərbaycan tarixinə yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, teatr xadimi və ictimai-siyasi xadim kimi həkk etdirən bu şəxsiyyətin ruhunun müəyyən missiya ilə yüklənməsi danılmazdır.
Hələ Şuşadakı realnı məktəbdə yazdığı ilk pyeslə özünün yaradıcılığa meyilli olmasını sərgiləyən və Mirzə Fətəli ənənələrinin layiqli davamçısı olduğunu təsdiqləyən Ə.Haqverdiyevin sonradan aldığı ali təhsillə yol təsərrüfatına töhfələr verməsə də, Şərq dünyasında ilk olan “Leyli və Məcnun” operasının premyerasında dirijor pultu arxasında dayanmaqla Azərbaycan mədəniyyət tarixində silinməz iz qoyduğu birmənalıdır. Adının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 saylı qərarı ilə əsərləri dövlət varidatı elan edilən müəlliflər siyahısına salınması da bu gün onun irsinə verilən qiymətdir...
Bu kiçik girişdən sonra görkəmli ədibin bədii irsinə göstərilən rəssam münasibətindən söz açmaq istərdik. İlk növbədə qeyd etməliyik ki, ötən dövrlərdə Ə.Haqverdiyevin dövlət səviyyəsində yubileylərinin keçirilməməsi üzündən bu sahədə toplanan sənət nümunələri o qədər də çox deyil. Onların çox hissəsi həmin əsərlərin əsas sifarişçisi olan N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, bir qismi isə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində toplanmışdır. Bu sırada Ə.Haqverdiyevin müxtəlif rəssamlar tərəfindən çəkilmiş portretləri, əsərlərinə illüstrasiyalar və pyeslərinin tamaşalarına verilmiş tərtibatların eskizləri var.
“Nizami muzeyi”ndəki belə portretlərdən biri ədibin 100 illiyində – 1970-ci ildə işlənmişdir. Müəllifi tanınmış fırça ustası, Xalq rəssamı Asəf Cəfərovdur. Yağlı boya ilə çəkilmiş əsərdə ədib gənc yaşlarında – üzəri kitablı miz arxasında təsvir olunmuşdur. Saçları yuxarı daranan, qarabığlı ədib çənəsini papiros olan sol əlinə söykəyərək fikrə dalmışdır. Qara jiletin altından görünən ağ köynəyi və qalstuku onun ikonoqrafik xüsusiyyətləri ilə səsləşdiyindən, bütünlükdə portret inandırıcı qəbul olunur.
Sənətsevərlərə daha çox satirik rəsmləri ilə tanış olan Nəcəfqulu İsmayılovun da həmin muzeyin sifarişi ilə çəkdiyi portret isə akvarellə işlənmişdir. Dramaturqun “yarımbədən” biçimli bu portreti də bizi gənc Ə.Haqverdiyevlə üz-üzə, göz-gözə qoyur. Yaşıl fon-yerlik qarşısında təsvir olunmuş, qara saçları yana daranmış, uzun nazik bığlı Əbdürrəhim bəy əyninə ağ köynək, qara pencək geymiş, boğazına naxışlı-innabı qalstuk taxmışdır...
Görkəmli qrafika ustası, Xalq rəssamı Yusif Hüseynovun çəkdiyi portretin (1967) formatı Nəcəfqulunun əsəri ilə səsləşir. Tuşla çəkilmiş bu əsərdə ədibin portret cizgiləri – yana daranmış qara saçları, mənalı baxışları, yaxalı köynəyi, boynunun bantı, ən nəhayət, qara pencəyi çox inandırıcı cizgilərlə ifadə olunmuşdur.
Əli Zeynalovun kömürlə çəkdiyi iriölçülü qrafik portretdə (1950) Ə.Haqverdiyev gənc yaşlarında təsvir olunmuşdur. Əsərin ikonoqrafik göstəricilərində yuxarıda haqqında söz açdığımız portretlərlə oxşarlıq duyulmaqdadır. Bununla belə, onun burada görüntüyə gətirilən arxaya daranmış qalın saçları, nazik qaşlarının altından tamaşaçıya zillənmiş nüfuzedici baxışları, qara bığları və bütün bunları tamamlayan qara pencəyi və arxalığı, ağ köynəyi və rəngli qalstuku ilə ziyalı Ə.Haqverdiyevi tanıyırıq...
Rəngkarlıq və qrafika sahəsində uğurlu əsərlər yaradan Xalq rəssamı Oqtay Sadıqzadənin akvarellə işlədiyi portretdə görkəmli ədibin profili əks olunub. Burada, əvvəlki portretlərdən fərqli olaraq, ədib bir qədər yaşlı vaxtında təsvir edilmişdir. Mavi fonda təsvir olunmuş başıaçıq Ə.Haqverdiyevin arxaya daranmış qalın ağ saçı və çal topa bığı onun ikonoqrafik cizgilərini, ağ köynək üstündən geydiyi qara pencəyi və boğazına bağladığı zolaqlı qalstuku yazıçı-dramaturqun səciyyəvi geyimini inandırıcı tutumda əyaniləşdirir. Portretin aşağısında tuşla yazılmış “Ə.Haqverdiyev” sözü də təsvirlə bədii vəhdət təşkil etdiyindən, əsərin ümumi estetikasına müsbət çalar əlavə etmək gücündədir...
Yazdığı pyes və hekayələrlə bənzərsizliyini, zəngin ənənələrə malik olan Azərbaycan ədəbiyyatına yeni tip qəhrəmanlar gətirdiyini sərgiləyən ədibin yaradıcılığı vaxtaşırı rəssamların diqqətini cəlb etmişdir. Ədəbiyyatşünasların bu obrazların estetikasında üzə çıxardıqları “magik realizm” (“əfsunlu realizm”) və primitivizm əlamətləri rəssamlar tərəfindən də incəliklə duyulduğundan, istər əsərlərinə çəkilən illüstrasiyalarda, istərsə də tamaşalarına verilən tərtibat-eskizlərdə qroteskə bələnmiş yumorun qabarıq təqdimatını görürük.
Özünəməxsus nəsr texnikasında qələmə alınmış “Marallarım”dan, “Xortdanın cəhənnəm məktubları”ndan, eləcə də digər əsərlərdən “boylanan” Kərbəlayı Zal, Qasım əmi, Məşədi Qulam, Mirzə Səfər, Hacı Kamyab, tarzən Cavad, Mustafa bəy, Cəfər və s. koloritli obrazlara göstərilən bədii münasibətlərdə rəssamların “Haqverdiyev satirası” ilə ayaqlaşmaq istəyi qabarıqdır. Ədibin bədii irsindəki Sabirsayağı aura və personaj yaratmaq istedadının qeyri-adiliyindəndir ki, onun oxunan hər bir əsərində başqalarını güldürməklə yanaşı, həm də düşündürücü və ilhamverici bədii qaynaq duyulmaqdadır.
1921-ci ildə qələmə alınmış “Ağaclar kölgəsində” pyesinə illüstrasiya çəkən Xalq rəssamı Yusif Hüseynov yerli bəylə kasıb kəndli arasındakı konfliktin yekununu düşündürücü kompozisiyanın başlıca mövzusu seçmişdir. Budaqdan bir ucu açılmış ipin sallanması və kənd müəllimi Kərimin üzünü camaata tutaraq Cəfərin ölümündə suçlu olanları ittiham etməsi süjetin məna-məzmun daşıyıcılığını təşkil edir. Bir qədər arxada belində xəncər olan Mustafa bəyin qorxmuş vəziyyət almış durumu onun baş verənlərdə günahı olduğunu hiss etməyə imkan verir. Əsər 1960-cı ildə sulu boya ilə ərsəyə gətirilmişdir.
Xalq rəssamı Davud Kazımovun bədii irsində Ə.Haqverdiyev mövzusu geniş yer tutur. Onun ədibin bir neçə hekayəsinə çəkdiyi illüstrasiyalar da bunu təsdiqləyir. Əsasən ötən əsrin altmışıncı illərində qara tuşla ərsəyə gətirilmiş bu əsərləri milli kitab qrafikası saxlancımıza layiqli töhfələr hesab etmək olar. Müəllifin məşhur “Mirzə Səfər” hekayəsinə çəkdiyi üç illüstrasiya (1967) bu qəbildəndir.
Bu üç rəsmin hər birində Mirzə Səfər müxtəlif ovqatdadır. Onların birincisində başı qara papaqlı, əyninə ağ arxalıq və qara çuxa geyinmiş, beli qurşaqlı, gözü eynəkli, qara saqqallı Mirzə Səfər əlində ağac küçənin ortasında dayanmış vəziyyətdə görüntüyə gətirilmişdir. Arxa planda evlər, qapılarına lövhə vurulmuş bir-neçə dükan və küçədən keçən adamlar təsvir olunmuşdur. Rəsm tamaşaçısını Mirzə Səfər və onun yaşadığı məkanla tanış etmək məqsədi daşıyır...
İkinci rəsmdə hekayənin qara papaqlı, gözü eynəkli, əyni pencəkli qəhrəmanı iş otağında mizin arxasında oturan vəziyyətdə təsvir edilmişdir. Mirzə Səfərin qarşısındakı mizin arxasında bir nəfərin oturub gözünü ona zilləməsi və onun da öz növbəsində iki əlini əsasına dayayaraq fikrə getməsindən hiss olunur ki, onların arasında el arasında zərb-məsələ çevrilən dialoqu artıq baş tutmuşdur...
Üçüncü illüstrasiyada xəstəliyə düçar olmuş Mirzə Səfəri yataqda görürük. Böyük oğlu tələbə geyimində, kiçik oğlu qara pencək və qara papaqda söykənəcəkli stulda oturub atalarına baxırlar. Başında qara papaq, gözündə eynək olan usta Zeynal da söykənəcəkli stulda oturub əlini ağzına apararaq təəccüblə Mirzə Səfərə baxır. Tuş-pero texnikasının bədii imkanlarından bacarıqla istifadə edən rəssam hər üç əsərdə hekayədə yaşananların psixoloji qatını yaddaqalan tərzdə ifadə etməyə nail olmuşdur...
Rəssamın çəkdiyi digər üç qrafik lövhə (1967) isə bizi “Pir” hekayəsinin qəhrəmanları ilə qarşılaşdırır. Onların birinin kompozisiyasında bir tərəfdə qabağına nəzir qutusu qoymuş molla oturaraq əlindəki “Quran”dan moizələr oxuyur. O biri tərəfdə pirin təsviri verilmişdir. Buradakı ağaca çoxlu iplər bağlanmışdır. Yanında isə yanan şam işıq saçmaqdadır. Bütünlükdə bu rəsmi məşhur hekayəyə giriş-bədii proloq hesab etmək olar. Çünki sonrakı rəsmlərdə baş verən hadisələrdən qaynaqlanan müxtəlif məqamlar daha qabarıq göstərilmişdir.
Elə ikinci rəsmdə pirin qarşısına camaatın toplaşıb ona sitayiş etməsi bunun ilk göstəricisi sayıla bilər. Bir qadının əllərini yuxarı qaldıraraq pirdən imdad-köməklik gözləməsi, qucağı uşaqlı kişinin böyük ümidlə ağaca baxması da məkanda “pir əhalatı”nın öz qüvvəsini hələ də qoruyub saxladığından xəbər verir.
Ən nəhayət, tuşla çəkilmiş sonuncu illüstrasiyada başında qara papaq, əynində ağ köynək, qara çuxa olan Mirzə Cavad otağın baş tərəfində oturub, ortada dayanıb danışan dağınıq saçlı oğlu Əhmədə baxmaqdadır. Sol tərəfdə pərdə salınmış qapının qabağında dayanmış büzməli paltarlı anası da gözlərini təəccüblə oğluna dikmişdir. Kompozisiyaya daxil edilmiş obrazları zərif cizgilərlə əyaniləşdirən rəssam bununla yaşanan dramatik məqamın yaşantılarını inandırıcı ifadə edə bilmişdir...
Davud Kazımov Ə.Haqverdiyevin “Qoca tarzən” hekayəsinə iki əsər həsr etmişdir. Bu dəfə də tuşdan texniki vasitə kimi istifadə edən rəssam ədəbi mətndən qaynaqlanan psixoloji xüsusiyyətləri qabarıq təqdim etməyə nail olmuşdur. Hekayə qəhrəmanı – qoca tarzən Cavad başında papaq, əynində sinəsi patrondaşlı çuxa geyinmiş, sağ əlində əsa, sol əli məhəccərdən tutub pillələrdən enən anda görüntüyə gətirilmişdir. Başına yaylıq bağlamış, əyninə büzməli paltar, ayağına başmaq geyən mehriban simalı qadın qayğıkeşliklə sol əli ilə ərinin qolundan tutub pillələri düşməkdə ona kömək edir. Bu iki obrazın simasında insan qayğısını əyaniləşdirən rəssam incə cizgilərdən ustalıqla istifadə etmişdir. Hekayədə sənətinin vurğunu kimi təqdim olunan tarzən Cavad mənəvi keyfiyyətlərinə görə Mirzə Səfəri xatırladır, desək, yanılmarıq.
Digər rəsmdə (1967) isə xəstə tarzən çarpayıda uzanmış vəziyyətdə təsvir edilmişdir. Rəssam onu tələbələrinin əhatəsində vermişdir. Sol tərəfdə qoca tarzənin şagirdlərindən biri kətildə oturub tar, sağ tərəfdə söykənəcəkli stulda oturmuş digər şagirdi isə kamança çalır. Çarpayının baş tərəfindən divara vurulmuş naxışlı xalçanın üstündən dairəvi çərçivədə şəkil asılmışdır.
Davud Kazımov üç qrafik əsərini (1967) isə ədibin məşhur “Bomba” hekayəsindən ilhamlanaraq çəkmişdir. Bu qrafik lövhələr də müəllifin tez-tez müraciət etdiyi tuş-pero texnikasında işlənmişdir. Onların birində əsərin əsas qəhrəmanı – qaradovoy paltarı geyinmiş dolubədənli, lopabığlı Kərbəlayı Zal iri planda – əlini çənəsinə qoyaraq, başıaşağı fikirləşən vəziyyətdə təqdim olunmuşdur. Ön planda ikimərtəbəli bina, arxa planda taxta qapılı kiçik ev, günbəzli və minarəli binalar görünür. Hiss olunur ki, təcrübəli qaradovoy ona yönəli tənbehlərdən çıxış yolu axtarmaqdadır...
Digər rəsmdə cizgilərin təzadından istifadə olunmaqla qaranlıq bir dalan təsvir edilmişdir. Uzaqda bir nəfər atın yanında qapı ağzında görünür. Başında kepka, əynində qara pencək olan qaradovoy bir divarın dalından onu güdür və yəqin ki, arzuladığı “şikarın”, nəhayət ki, peyda olduğuna inanır...
Sonrakı rəsmin bir qədər də hekayə üçün rəmzi sayıla biləcək görüntüsü həm də Kərbəlayı Zalın uğursuz əməliyyatının atributlarını əyaniləşdirir. Burada qaradovoyun özü görünməsə də, iki tərəfi naxışlı xurcun və yanındakı zolaqlı dörd qarpızın rəssam tərəfindən məna-məzmun daşıyıcısına çevrilməsi hekayədəki əhvalatlardan xəbərdar olanlar üçün başadüşüləndir...
Ə.Haqverdiyevin dram əsərləri sovet dönəmində tez-tez respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulduğundan, onların bədii tərtibatında yerli rəssamlar da iştirak etmişlər. Hazırda C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fondlarında saxlanılan azsaylı eskizlərdə həmin tamaşalara rəssam münasibətini görmək mümkündür. Tanınmış fırça ustası Əzim Əzimzadə, Rüstəm Mustafayev, Əsgər Abbasov və Nikolay Kuleşin çəkdiyi dekorasiya və geyim eskizlərində sənətlərin sintezi məsələsinə yaradıcı münasibətin uğurlu nəticələrini görmək mümkündür. Əsgər Abbasovun “Dağılan tifaq” pyesinə çəkdiyi dekorasiya eskizində kədərli notların ifadəsi qabarıqdır. Dağıdılmış tikilinin mavi-qara rəng çalarlarına bələnmiş ümumi tutumunda ümidsizlik duyulmaqdadır...
Görkəmli fırça ustası Əzim Əzimzadə 1922-1923-cü teatr mövsümündə tamaşaya qoyulmuş “Dağılan tifaq”ın obrazlarına geyim eskizlərini ağ-qara cizgilərlə çəksə də, bir-birinin yanında sıralanmış koloritli pyes qəhrəmanlarının hər birini səciyyələndirən geyimlər inandırıcılığı ilə yadda qalır.
İstedadlı teatr rəssamı Rüstəm Mustafayevin 1934-1935-ci il mövsümündə səhnələşdirilən “Dağılan tifaq”a münasibəti də diqqətçəkəndir. Onun çəkdiyi dekorasiya eskizində də göy rəngin soyuq çalarlarından dramaturji materialdan qaynaqlanan kədər hisslərinin ifadəsi görünməkdədir.
Nikolay Kuleşin “Dağılan tifaq”a çəkdiyi dekorasiya eskizlərində də mənzərələrdən geniş istifadə olunmuşdur. Aylı gecənin və günəşli gündüzün ətraf mühitə ələdiyi işığın altında görünən iki müxtəlif təbiət motivlərində ədəbi mətnlə səsləşən ovqatyaradıcılıq hiss olunur...
Əbürrəhim bəy Haqverdiyevin zaman-zaman işıq üzü görən kitablarının da bədii tərtibatı – onların üz qabıqlarında və səhifələrini bəzəyən müxtəlif ruhlu rəsmlərdə də ədibin yaradıcılığının rəssamlar tərəfindən incəliklə duyulması və yaddaqalan, düşündürücü tərzdə ifadə olunması qabarıq görünməkdədir. Bütün bunlar rəssamlarımızın ədəbi mətnlə obrazlı təsvirlər arasında zamansızlığa qovuşmuş mənəvi körpü yarada bildiyinə tamaşaçısını inandırır...
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor