Azərbaycan
6 may 1900 – Xalq artisti Aleksandra Lavrentyevna Suvirova (1900-1962) Moskvada doğulub. Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası (1927-1959) olub.
6 may 1942 – Əməkdar artist, diktor Hicran Soltan oğlu Hüseynov (1942-2013) Qəbələ rayonunda anadan olub. 1971-ci ildən Azərbaycan Televiziyasında fəaliyyət göstərib.
7 may 1926 – Əməkdar rəssam Cəbrayıl Əlimuxtar oğlu Əzimov (1926 – 10.7.1969) Bakıda doğulub. “O olmasın, bu olsun” (Nadir Zeynalovla birgə), “Leyli və Məcnun” , “Qızmar günəş altında”, “Qanun naminə” və s. filmlərin quruluşçu rəssamı olub.
7 may 1954 – Əməkdar incəsənət xadimi Vaqif İsa oğlu Ağayev (1954-2011) Abşeron rayonunda anadan olub. 1972-ci ildən Azərbaycan Televiziyasında çalışıb.
7 may 1998 – Tanınmış kinorejissor, operator, Xalq artisti Muxtar Baba oğlu Dadaşov (11.9.1913 – 1998) vəfat edib. “Qanun naminə”, “Bakıda küləklər əsir” və s. filmlərə quruluş verib. Sənədli və bədii (“Arşın mal alan”, 1945) filmlərin operatoru olub.
8 may 1910 – Tanınmış ədəbiyyatşünas alim, şair, tərcüməçi, professor Cəfər Xəndan (Cəfər Zeynal oğlu Hacıyev; 1910 – 10.8.1961) İrəvan şəhərində anadan olub.
8 may 1919 – SSRİ Xalq artisti, görkəmli bəstəkar, pedaqoq Soltan İsmayıl oğlu Hacıbəyov (1919 – 19.9.1974) Şuşada doğulub. “Gülşən” baleti, “Karvan” simfonik lövhəsi, “Qızılgül” musiqili komediyası, uşaqlar üçün “İsgəndər və çoban” operası və s. əsərlərin müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının rektoru olub.
8 may 1930 – Ədəbiyyatşünas, professor Qara Mustafa oğlu Namazov (1930 – 11.5.2016) Ermənistan SSR İcevan rayonunun Əmirxeyir kəndində doğulub. Aşıq şeirinin tarixinə dair tədqiqat əsərlərinin müəllifidir.
Dünya
6 may 1856 – Dünya ədəbiyyatı və mədəniyyətində iz qoymuş psixoanaliz nəzəriyyəsinin banisi, Avstriya alimi Ziqmund Freyd (Sigmund Freud; 1856-1939) anadan olub. Əsərləri: “Totem və tabu”, “Bir illüziyanın gələcəyi” və s.
6 may 1867 – Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1924) Vladislav Reymont (1867-1925) anadan olub. “Kişilər” romanı, “1794” tarixi trilogiyası və s. əsərlərin müəllifidir.
6 may 1922 – SSRİ Xalq artisti Vladimir Abramoviç Etuş (1922 – 9.3.2019) anadan olub. “Qafqaz əsiri”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s. filmlərdə yaddaqalan komik obrazlar yaradıb.
7 may 1833 – Alman bəstəkarı, pianoçu və dirijoru Johannes Brahms (1833-1897) anadan olub. Əsərləri: “Alman rekviyemi”, “Macar rəqsləri” və s.
7 may 1840 – Görkəmli rus bəstəkarı və dirijoru Pyotr İliç Çaykovski (1840-1893) anadan olub. 80-dən çox musiqi əsərinin, o cümlədən 10 operanın (“Yevgeni Onegin”, “Mazepa”, “Orleanlı qız”, “Qaratoxmaq qadın”, “Undina” və s.), 3 baletin (“Qu gölü”, “Yatmış gözəl”, “Şelkunçik”), 7 simfoniyanın müəllifidir.
7 may 1861 – Hind şairi, yazıçı, filosof, bəstəkar, ədəbiyyat üzrə Nobel mükafatı (1913) laureatı Rabindranat Taqor (Rabindranath Tagore; 1861 – 7.8.1941) Kəlküttədə doğulub. Əsərləri: “Fəlakət”, “Ev və dünya”, “Vida mahnısı” romanları, “Poçt”, “Qırmızı oleandrlar” pyesləri və s.
7 may 1953 – Tanınmış Türkiyə müğənnisi, bəstəkar Müslüm Gursəs (1953 – 3.3.2013) Şanlıurfada doğulub.
8 may 1903 – Məşhur fransız komediya aktyoru Fernandel (əsl adı Fernand Joseph Desire Contandin; 1903-1971) anadan olub. Filmləri: “Mademauzel Nituş”, “80 gün dünya ətrafında”, “Şeytan və on yasaq” və s.
8 may 1906 – İtaliya kinorejissoru, neorealizmin təmsilçisi Roberto Rosselini (1906-1977) anadan olub. Filmləri: “Roma, açıq şəhər”, “Almaniya, sıfırıncı il” və s.
8 may 1914 – Yəhudi əsilli tanınmış Fransa yazıçısı, ssenarist, kinorejissor Romen Hari (Roman Kasev; 1914-1980) anadan olub.
Hazırladı: Vüqar ORXAN