Şuşanın işğalından 28 il ötür
Mayın 8-də Azərbaycanın Dağlıq Qarabağdakı ən böyük yaşayış məntəqəsi olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 28 ili tamam olur.
Qədim qala-şəhərimizin bizim üçün dəyər-qiyməti sadəcə onun coğrafi baxımdan strateji əhəmiyyətində, Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini nümayiş etdirən mühüm yaşayış məntəqəsi olmasında deyil.
Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin vətənidir. Şuşanın təbiəti, yaşıl örpəkli dağları, buz bulaqları, istirahət guşələri Azərbaycandan çox-çox uzaqlarda da məşhur idi. 28 ildir, o səfalı dağlar sis-duman içində, o yerlər bizim üçün əlçatmazdır.
1992-ci ilin 8 mayında Şuşanın işğalı ilə Azərbaycan mədəniyyətinə ağır zərbə dəydi. İşğal nəticəsində şəhərdəki bütün mədəniyyət ocaqları – muzeylər, kitabxanalar, mədəniyyət evi, rəsm qalereyası, musiqi məktəbləri dağıdılıb talan edilib, mədəni irsimizin nümunələri – tarixi tikililər, tarix-memarlıq və memorial abidələr məhv edilib...