Musiqi Mədəniyyəti Dövlət Muzeyinin “Faşizm üzərində qələbə uğrunda” virtual layihəsi maraqlı təqdimatlarla davam edir. Layihə üzrə II Dünya müharibəsində ön cəbhədə döyüşmüş, arxa cəbhədə önəmli işlər görmüş musiqi xadimlərimiz haqqında məlumatlar və arxivlərində mühafizə olunan materiallar ictimaiyyətə təqdim olunur.
Layihə çərçivəsində bu dəfə Azərbaycan mədəniyyətində iz qoymuş Mansurovlar nəsli haqqında paylaşımlar edilib. Bakı və Abşeronda klassik muğam məclislərinin qurucusu, muğam ustası və milli musiqinin ilk təbliğatçılarından biri Məşədi Məlik Mansurovun nəvələri Bəhram, Nadir və Ənvər Mansurovların II Dünya müharibəsində xidmətləri haqqında məlumat verilib.
Görkəmli tarzən, Xalq artisti Bəhram Məşədi Süleyman oğlu Mansurovun (1911-1985) yaradıcılığının böyük bir hissəsi Opera və Balet Teatrı ilə bağlı olub. O, ömrünün sonuna kimi Bakı Musiqi Texnikumunda dərs deyib. 1941-ci il iyun ayının 21-də Moskvaya estrada artistlərinin festivalına gedən Bəhram Mansurovu müharibə yolda haqlamışdı. Bir çox mədəniyyət işçiləri ilə yanaşı, Bəhram Mansurov da xüsusi təşviqat qruplarının sərəncamına verilir. O, sənət dostları ilə birlikdə cəbhə xəttində döyüşçülər, arxada isə hospitalda yaralılar qarşısında konsertlərlə çıxış edir. Bəhram Mansurov 1941-ci ildə musiqi briqadasının tərkibində 3 ay ərzində Kislovodsk, Jeleznovodsk, Yessentuki, Minvodı və Lermontovka hospitallarında yaralı əsgərlər qarşısında müntəzəm çıxışlar etmişdi. 1941–1943-cü illərdə B.Mansurov məşhur xanəndə Cabbar Qaryağdıoğlu ilə də hərbi hissələr və tibb müəssisələrində çoxlu konsert vermişdi. 1942-ci il oktyabrın 31-dən B.Mansurov və digər musiqiçilər bir ay ərzində Qubada yerləşən qərargahdan 416-cı Taqanroq diviziyasına yollanan döyüşçülər qarşısında çıxış etmişdilər.
Bundan əlavə, 1941 və 1944-cü illərdə B.Mansurov Azərbaycan Dövlət Opera və Balet Teatrının böyük bir qrupu ilə İranda olan sovet əsgərləri və yerli ictimaiyyət qarşısında opera tamaşaları, muğam konsertləri təqdim edib.
B.Mansurov müharibə illərində “Qafqazın müdafiəsinə görə”, “Fədakar əməyə görə” medalları ilə təltif olunub.
***
Azərbaycan Dövlət Filarmoniyası və Azərbaycan Konsert Birliyinin solisti, tarzən Nadir Məşədi Süleyman oğlu Mansurov (1916-1972) hələ gənc yaşlarından müxtəlif xalq çalğı alətləri orkestr və ansambllarının tərkibində çıxış edib.
O, 1940-cı ildə hərbi xidmətə çağırılır. Hətta əsgərlikdə də öz tarını əlindən buraxmır, müxtəlif tədbirlərdə zabit və əsgərlər qarşısında ifa edir. 1941-ci ildə alman ordusu SSRİ üzərinə hücuma başlayanda öz əsgəri borcunu yerinə yetirmək üçün müharibəyə yollanır. Moskva ətrafındakı döyüşlərdə ağır yaralanan Nadir Mansurov bir neçə ay müalicə olunur. Sağaldıqdan sonra yenidən cəbhəyə yollanır və müharibənin sonuna qədər döyüşlərdə iştirak edir.
Müharibədən sonra N.Mansurov uzun illər Azərbaycan Dövlət Filarmoniyasında və Azərbaycan Konsert Birliyində tarzən kimi fəaliyyətini davam etdirib.
***
Müharibənin ömrünü yarıda kəsdiyi Ənvər Mirzə Mansur oğlu Mansurov (1917-1941) da dövrünün mahir tarzənlərindən idi. 14 yaşından Üzeyir Hacıbəylinin təşkil etdiyi ilk notlu orkestrdə ifa etməyə başlamışdı.
Onun tarda ifası başqa tarzənlərdən yüksək texnikası ilə fərqlənirdi. Onu da qeyd edək ki, görkəmli tarzən Əhsən Dadaşov sənətin sirlərini həm də Ə.Mansurovdan öyrənib.
Ənvər Mansurov 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə xalq çalğı alətləri orkestrinin tərkibində iştirak etmişdi. Bir il sonra ordu sıralarına çağırılır. Əvvəlcə SSRİ-Finlandiya müharibəsində (1939-1940) iştirak edir. 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda o, ön cəbhədə idi. Brest qalası uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşur və həlak olur...
Hazırladı: LALƏ