Amma festivalın proqramı həmişəki kimi zəngindir

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin quruma üzv dövlətlərin səfirlikləri ilə birlikdə təşkil etdiyi ənənəvi İMAGİNE Avro Tolerantlıq Festivalı bu il fərqli şəkildə reallaşır. Sayca 4-cü festival pandemiya ilə bağlı məlum şərait nəzərə alınaraq 2020-ci ildə virtual formatda – onlayn tədbir və təqdimatlarla qeyd olunacaq.

Bu barədə mayın 6-da keçirilən onlayn mətbuat konfransında  Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas məlumat verib. O, COVİD-19 pandemiyası səbəbindən belə bir qərarın alındığını deyərək layihənin məhz bu formatda reallaşması üçün təşəbbüskarlıq göstərən rəssam-kurator Səbinə Şıxlinskayaya təşəkkürünü bildirib.

Vurğulanıb ki, builki İMAGİNE Avro Tolerantlıq Festivalı Avropa inteqrasiyası tarixinin bir parçası olan “Şuman Bəyannaməsi”nin (1950) 70 illik yubileyinə həsr olunub.

Mətbuat konfransında Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs, Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyi və başqaları çıxış edərək festival barədə fikirlərini bölüşüblər.

Çıxışlarda bildirilib ki, builki festivalda əvvəllər Bakıda olmuş və ya 2020-ci ildə paytaxtımıza səfər etməyi planlaşdıran dünyanın müxtəlif yerlərindən bir neçə musiqi qrupu, ifaçı və müğənnilər “Bakı üçün bir mahnı” adlı xüsusi musiqi təqdimatı ilə də çıxış edəcəklər. Bununla da koronavirus pandemiyası dövründə Azərbaycan xalqı ilə həmrəylik nümayiş olunacaq. Konsert mayın 9-da – Avropa Günü (“Şuman Bəyannaməsi günü”) canlı yayımla təqdim olunacaq.

Mayın 9-da keçiriləcək “İdeyalar Forumu”nda dünyanın müxtəlif yerlərindən olan fəallar,  ekspertlər “COVİD-19 Avropanı və beynəlxalq əlaqələri necə formalaşdırır?” mövzusunda öz fikirlərini bölüşəcəklər. Onların düşündürücü videoları pandemiyanın  həyatımızı, qlobal siyasi, iqtisadi və sosial nizamımızı necə dəyişə biləcəyi, Avropanın bu misli görünməmiş böhrandan necə çıxacağı mövzularını əhatə edəcək.

Mayın 12-də Çili-Belçika vokalçısı, saksafon ifaçısı və bəstəkar Marselo Monkadanın canlı konserti, mayın 15-də isə dünyanın müxtəlif yerlərindən olan musiqiçilərin birlikdə ifa edəcəyi “Brasilidade” qrupunun konserti də festival proqramının maraqlı tədbirlərindən olacaq.

Virtual sərgilər zamanı Fransa, Niderland və Rusiyadan olan tanınmış fotoqraflar bizə peşəkar həyatlarında çəkdikləri ən vacib fotolara bələdçilik edəcəklər. Özünütəcrid və karantin dövründə avropalı rejissorlar tərəfindən çəkilən, karantinin yaradıcılığı məhdudlaşdıra bilmədiyini sübut edən unikal eksperimental filmlərin kiçik bir hissəsi də festivalda yer alacaq. Qeyd edək ki, bu qəbildən ilik sərgi festivalın ilk günü – mayın 7-də dünyanın müxtəlif yerlərini gəzərək sənədli filmlər çəkən fotoqraf və rejissor Matthieu Haagın virtual təqdimatı olub.

7-17 may tarixində gerçəkləşən 4-cü İMAGİNE Avro Tolerantlıq Festivalının proqramına ustad dərsləri, şeir gecələri, film nümayişləri də daxildir.

Festivalı https://www.euroimagine.az/ saytından və https://www.facebook.com/İmagineEuroToleranceFestival sosial şəbəkə platformasından izləmək olar.