Ötən əsrin birinci yarısında tatar milli mədəniyyətinin inkişafında tanınmış dramaturq, rejissor və aktyor, Əməkdar artist Kərim Tinçurinin xüsusi yeri olub.

Kərim Qali oğlu Tinçurin 15 sentyabr 1887-ci ildə Rusiyanın Penza quberniyasında dünyaya göz açıb. İlk olaraq dini məktəbdə təhsil alır. On üç yaşında Kazan şəhərinə gəlib “Məhəmmədiyyə” mədrəsəsinə daxil olur. Ancaq mədrəsədəki təhsil, təlim-tərbiyə yenilikçi gənci qane etmədiyindən buranı tərk edir. Müxtəlif sahələrdə günəmuzd işləyir.

Kərim Tinçurin asudə vaxtlarında bədii yaradıcılıqla məşğul olur. Yaradıcılığa şeirlə başlasa da, sonradan nəsrə keçir. 1905-ci il inqilabı zamanı o da inqilabçılara qoşulur. Xalq kütlələri qarşısında alovlu çıxışlar edir. 1906-cı ildə ilk səhnə əsəri olan “Mənzərə” komediyasını yazır. 1910-cu ildə tatarların səyyar teatr qrupuna dəvət olunur. Yeni formalaşan teatrına daha bir əsər – “Dürüst əmək” adlı komediyasını yazır. Zəhmət adamlarının əməyini mənimsəməyə cəhd edən fırıldaqçıların tənqid edildiyi bu əsər tamaşaçılar tərəfindən maraqla qarşılanır. Bundan daha da ruhlanan müəllif bir-birinin ardınca “Qədər addımı”, “İlk çiçəklər” pyeslərini qələmə alır. Bu əsərlərdə yaşamından narazı, cəmiyyətdəki sıxıntılardan qurtulmaq istəyən insanların taleyi canlandırılır.

Gənc dramaturqun ən diqqətçəkən əsəri “Şıltaq kürəkən” komediyası olub. 1916-cı ildə tamamladığı və tamaşaya qoyduğu bu əsər teatrsevərlər tərəfindən rəğbətlə qarşılanıb.

Birinci Dünya müharibəsindən (1914-1918) sonra Kazan şəhərində ictimai-siyasi vəziyyət kəskin dəyişir. Ölkədə hakimiyyət dəyişikliyi üzündən şəhərdə tez-tez iğtişaşlar baş verir. Şəhərdə teatra maraq zəifləyir. Truppa üzvlərinin güzəranı ağırlaşır. Belə bir çətin vaxtda K.Tinçurin səyyar truppaya rəhbər seçilir. O, quruluş verdiyi tamaşalarda folklordan və xalq musiqisindən yerli-yerində istifadə edir. Tətbiq etdiyi yeniliklər tamaşaçı marağına səbəb olur.

Araşdırmalarda göstərilir ki, K.Tinçurin komediya və operettalarını yazarkən Azərbaycan dramaturqlarından, xüsusilə də Üzeyir Hacıbəylinin yaradıcılığından ustalıqla yararlanıb. Bəstəkar Salih Saydaşevin səyyar truppa ilə əməkdaşlığı da tatar teatrının inkişafına təkan verib.

1922-ci ildə Kazan şəhərində Tatar Dövlət Teatrı açılır. Səhnə xadimlərinin rahat məşq etməsi üçün şərait yaradılır. Tədqiqatçı Əli Şamil araşdırmasında yazır ki, Tatar Dövlət Teatrında K.Tinçurinin rejissorluğu ilə ildə 14-15 tamaşa hazırlanıb. O, 1924-cü ildə mövzusu I Dünya müharibəsindən alınan “Sönməz ulduzlar” pyesini yazır. Ardınca “Mavi şal”, “Sönən ulduzlar”, “Amerikan” və digər əsərlərinin tamaşası izləyicilərin rəğbətini qazanıb. 1926-cı ildə “Mavi şal” əsərinin uğurlu səhnələşdirilməsinə görə K.Tinçurinə “Tatarıstan Muxtar Respublikasının Əməkdar artisti” fəxri adı verilib.

Ancaq 30-cu illərin sərt ideoloji yelləri əsməyə başlayır. Görkəmli dramaturqun əsərləri dövri mətbuatda birmənalı qarşılanmır, ideoloji baxımdan tənqid edilir. Bütün bunlara baxmayaraq, 1936-cı ildə ədibin səhnəyə gəlişinin 25 illiyi təntənə ilə qeyd edilir. Tatarıstan Dövlət Teatrının baş rejissoru və aktyoru kimi haqqında maraqlı məqalə dərc olunur.

Ancaq sənətkar qəzetlərdə, rəsmi dövlət tədbirlərində kəskin tənqid edilir. Beləliklə, K.Tinçurin 16 sentyabr 1937-ci ildə həbs edilir, 1938-ci il noyabrın 15-də güllələnir. 1956-cı ildə bəraət alan tanınmış ədib və səhnə xadiminin adı Tatar Dövlət Dram və Komediya Teatrına verilir.

S.FƏRƏCOV