Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş mahnı müsabiqəsi elan olunmuşdu.
Pandemiya şəraitində və karantin dövründə reallaşan müsabiqədə bəstəkarlar fəal şəkildə iştirak ediblər. Xatırladaq ki, mahnıların səs yazısı bəstəkarlar tərəfindən ev şəraitində, öz imkanları ilə həyata keçirilib.
Mahnıları Xalq artisti, professor Firəngiz Əlizadənin sədrliyi ilə bəstəkarlar Cəlal Abbasov, Elnarə Dadaşova, Gövhər Həsənzadə, musiqişünaslar Həcər Babayeva, Lətifəxanım Əliyevadan ibarət münsiflər heyəti dəyərləndirib. Onlayn rejimdə işləyən münsiflər heyətinin ünvanına 30-a yaxın mahnı göndərilib. Mahnılar müxtəlif yaradıcılıq üslubunda bəstələnsə də, onların hamısında vətənpərvərlik ruhu əksini tapıb.
Münsiflərin dəyərləndirməsinə görə, Tural Məmmədli (I yer), İlahə İsrafilova, Lalə Cəfərova (II yer) və Fərid Fətullayev ilə Nərminə Nağıyeva (III yer) müsabiqənin laureatları elan ediliblər. Azərbaycan Bəstəkarlar İttifaqının fəxri diplomlarına Sevinc Əliyeva, Yalçın Məlikov və Ağa Əliyev layiq görülüblər.
Ən yaxşı nümunələr solistlər və ifaçılıq kollektivləri tərəfindən səsləndirilərək geniş dinləyici auditoriyasına təqdim olunacaq.