73-cü Kann Film Festivalı bu il keçirilməyəcək
Dünya əhəmiyyətli festivallardan koronavirus pandemiyasının zərbəsinə ilk tuş gələn Kann Film Festivalı oldu. Təşkilatçılar bu il festivalın keçirilməyəcəyini bəyan ediblər.
12-23 may tarixində gerçəkləşməli olan 73-cü Kann Film Festivalı hələ mart ayında pandemiya səbəbindən qeyri-müəyyən vaxta ertələnmişdi və ehtimallara görə, “Qızıl palma budağı” uğrunda yarışma yayın sonu və ya payızda keçirilə bilərdi. Yeri gəlmişkən, Kann şəhərində ilk kinofestival 1946-cı ildə məhz payızda (sentyabr) təşkil edilib.
Dünya kinosunun ən nüfuzlu müsabiqəsi sayılan Kann Film Festivalı həmin vaxtdan bəri iki dəfə – 1948-ci və 1950-ci illərdə büdcə problemləri üzündən baş tutmayıb. Lakin həmin illər üçün festivalın keçirilməyəcəyi əvvəlcədən bəlli idi. İndi isə Kannda qırmızı xalını yerə sərməyə pandemiya mane oldu və bu, iki ay öncəyədək kimsənin ağlına gəlməzdi.
Ümumiyyətlə, “festivallar şəhəri” kimi tanınan Kannda bu il üçün planlaşdırılmış bir çox böyük tədbirlər, sərgilər naməlum tarixə qədər ertələnib.
Kanndan sonra Avropanın ikinci böyük kino müsabiqəsi – Venesiya Film Festivalı hər il avqustda keçirilir və indi onun da aqibəti maraq doğurur.
Avropada təkcə kino dünyasını deyil, digər sahələri əhatə edən festivallar da ard-arda təxirə salınır və ya ləğv olunur. Bir qədər əvvəl Almaniyada məşhur “Oktoberfest” pivə festivalının bu il keçirilməyəcəyi bildirilib.
Macarıstan hökuməti isə son 28 ildə hər il keçirilən və Avropanın ən iri musiqi tədbirlərindən sayılan “Sziget” festivalının bu il təşkil olunmayacağını bəyan edib.
Bu, ölkədə irimiqyaslı tədbirlərin keçirilməsinə qadağanın müddətinin avqustun 15-dək uzadılmasından sonra məlum olub.
SƏBİNƏ