Havaların tədricən istiləşməsinin koronavirusun yayılmasının qarşısını ala biləcəyinə dair ehtimallar əbəsdir. Kanada və İsveçrə tədqiqatçıları apardıqları tədqiqatdan sonra  bu qənaətə gəliblər.

Tədqiqatın əsas müəllifi Peter Yüni insanları yay fəsli ilə əlaqədar yanlış ümidlərə qapılmamağa çağırıb: “Əgər biz hesab etsək ki, isti hava virusa qarşı mübarizədə bizə kömək edəcək, o zaman biz ciddi əks-zərbə ilə qarşılaşa bilərik”. Toronto Universitetinin epidemiologiya üzrə mütəxəssisi isə qeyd edib ki, sosial məsafə qaydalarına riayət etmək indilik virusa qarşı ən səmərəli vasitədir.

Alimlər ictimaiyyət arasında koronavirus infeksiyasının qriplə bərabər tutulması və yay aylarında qrip kimi azalacağı fikrini də təkzib ediblər. Bildiriblər ki, insanların çoxunda qripə qarşı artıq, qismən də olsa, immunitet yaranıb və insanlara qripə qarşı peyvənd vurulduqda və ya onlar yenidən qripə yoluxduqda bədənin qripə qarşı immuniteti güclənir. Payız aylarında qripə yoluxma dalğası isə soyuq hava şəraiti ilə əlaqədar yeni qrip mutasiyalarından qaynaqlanır. Bunun əksinə olaraq isə koronavirusun bizim bədənimizə yol tapması üçün hansısa immunitet baryerini aşmağa və ya münbit şərtlər (hava şəraiti və s.) gözləməyə ehtiyacı yoxdur, çünki insan orqanizmində bu virusa qarşı hələ ki immunitet yoxdur.

Odur ki, hazırkı şəraitdə ictimai səhiyyə tədbirlərinə ciddi şəkildə əməl edilməsi koronavirus infeksiyasına qarşı ən təsirli vasitədir.

CAVİD