Bakı Xoreoqrafiya Akademiyasının (BXA) karantin dövründə həyata keçirdiyi “Biz varıq və birlikdəyik” adlı virtual layihəsi davam edir.

Aprelin 15-dən start verilən və BXA-nın “Facebook” səhifəsində yayımlanan layihə çərçivəsində keçirilən mühazirə, ustad dərsləri və təqdimatlar incəsənətin və sənətşünaslıq elminin müxtəlif sahələrini, eyni zamanda mədəniyyət xadimlərinin həyat və yaradıcılığını əhatə edir.

Layihə çərçivəsində BXA-nın Klassik rəqs kafedrasının müəllimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının pedaqoq-repetitoru, Əməkdar artist Yuri Lobaçov müsəlman Şərqində ilk balet – Əfrasiyab Bədəlbəylinin “Qız qalası” əsəri barədə maraqlı təqdimat edib. O, əsərin yaranma tarixi, əsas partiyaları ifa edən ilk balerinalar – xalq artistləri Qəmər Almaszadə və Leyla Vəkilova və onların ayrı-ayrı illərdə yaratdığı Gülyanaq surəti haqqında məlumat verib.

Qeyd edək ki, Y.Lobaçov özü balet tamaşasında Cahangir xan obrazında çıxış edib. Təqdimatda balet tamaşasından parçalar və müxtəlif səhnəciklər də yer alıb.