COVİD-19 pandemiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə təhsil müəssisələrində tədris və təlim-tərbiyə işlərinin dayandırılmasından sonra Bakı Xoreoqrafiya Akademiyası (BXA) da distant təhsil vasitələrindən yararlanaraq onlayn videodərslər təşkil edib.
Akademiyadan bildirilib ki, müxtəlif təhsil səviyyələri üzrə 700-dən çox şagird və tələbə təhsillərini distant formada davam etdirir. BXA-nın bütün təhsil pillələrində nəzəri fənlərin mühazirələri və ixtisas fənlərinə dair onlayn dərslər “Skype”, “WhatsApp”, “Mikrosoft Tearms” proqramları vasitəsilə, videodərslər isə akademiyanın rəsmi “Youtube” kanalı və “Facebook” səhifəsindən həm müəllim-tələbə heyətinə, həm də ictimaiyyətə nümayiş etdirilir.
Akademiyanın şagird və tələbələri xoreoqrafiya, baletmeyster, rəqs müəllimliyi, xalq çalğı alətləri ifaçılığı, teatrşünaslıq, musiqi müəllimliyi, menecment, sənətşünaslıq və sair ixtisaslar üzrə tədris olunan müxtəlif fənləri onlayn dərslərin köməyilə mənimsəyiblər. Onlayn dərslərin xüsusi karantin rejiminin sonuna qədər davam etdirilməsi nəzərdə tutulur.