Məşhur “Nirvana” rok qrupunun yaradıcısı mərhum Kurt Kobeynin (1967-1994) akustik gitarası ABŞ-da 1 milyon dollara hərraca çıxarılıb.
Bu barədə “Julien’s Auctions” hərrac evi məlumat yayıb. Məlumatda qeyd olunub ki, hərrac evi Kurt Kobeynin 1959-cu il istehsalı olan “Martin D-18E” akustik gitarasını təqdim etdiyi üçün qürur hissi keçirir. Beverli-Hillzdə onlayn şəkildə keçiriləcək lot hərrac evi üçün ən mötəbər hadisələrdən sayılır.
Qeyd edək ki, satışa çıxarılan gitarada Kurt Kobeyn 1993-cü il noyabrın 18-də “MTV Unplugged” konsertində ifa edib. Həmin konsert ifaçının müəmmalı ölümündən beş ay əvvəl baş verib.
Konsertin video və audioalbomu 1994-cü ildə artıq K.Kobeynin ölümündən sonra yayılıb. Bu, “Nirvana”nın ən məşhur səsyazısı hesab olunur. Sonradan “Unplugged in New-York” adı altında çıxan albom 1996-cı ildə Amerikanın “Grammy” mükafatlandırılmasında “Ən yaxşı alternativ albom” nominasiyasını qazanıb.
İLONA