Xəbər verdiyimiz kimi, 7-17 may tarixində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi quruma üzv dövlətlərin səfirlikləri ilə birlikdə ənənəvi İMAGİNE Avro Tolerantlıq Festivalı keçirir. Sayca 4-cü festival pandemiya ilə bağlı məlum şərait nəzərə alınaraq bu il virtual formatda – onlayn tədbir və təqdimatlarla reallaşır.
Meksikanın ölkəmizdəki səfirliyi ənənəvi olaraq İMAGİNE festivalında iştirak edir. Bu il də istisna olmayıb. Musiqiçilər Kristina Kabrera (arfa) və Luis Qarsiya İretadan (gitara) ibarət meksikalı duet festival çərçivəsində baş tutan #onesongforbaku virtual konsertinə qatılıb.
Səfirlikdən verilən məlumata görə, Luis Qarsiya İreta musiqiçi, prodüser, aranjimançı, eyni zamanda müasir, Latın Amerika, klassik musiqi və elektrogitara üzrə müəllimdir.
Kristina Kabreranın ifası isə Meksika musiqisinin çalarlarını əks etdirir. Eyni zamanda ifasında Venesuela və Paraqvay musiqisinin də təsiri var. Arfa ifaçısı çoxsaylı milli və beynəlxalq festivallara qatılıb, bir çox Avropa ölkələrində, ABŞ-da çıxış edib.
“Meksikanın ölkəmizdəki səfirliyi duetin ifa etdiyi musiqi vasitəsilə Azərbaycan xalqına əmin-amanlıq və rifah arzularını çatdırır” – deyə məlumatda vurğulanır.