“Teatrın yeni – virtual mərhələsi başlanıb. Biz teatr sənətinin bu növünü qəbul etməyə hazırıqmı?”
Koronavirus pandemiyasının aktiv fəaliyyətləri, vacib tədbirləri təxirə salmasına, insanlığı təcridə məhkum etməsinə rəğmən, qısa vaxtda vəziyyətdən çıxış yolları da formalaşmağa başladı. Bu mənada onlayn toplantılar, müxtəlif videokonfranslar, virtual konsertlər, təqdimatlar, bir sözlə, sosiallaşmaya xidmət edən layihələr vüsət aldı.
Teatr sahəsinə də geniş nüfuz edən bu formatda növbəti layihə də reallaşdı. Mayın 11-də Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin təşkilatçılığı ilə “Teatr-onlayn” adlı elmi videokonfrans keçirildi.
Onlayn konfransa 10-dan çox ölkədən (Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Ukrayna, Belarus, İran, Türkiyə və s.) teatr nəzəriyyəçiləri (teatrşünaslar, teatr tənqidçiləri, kulturoloqlar, jurnalistlər) və praktikləri (rejissor, dramaturq, aktyor, menecer, rəssam), habelə bu sahə üzrə pedaqoqlar, tələbələr qoşulmuşdu. İki seksiyada (rus və ingilis dillərində) 100-ə yaxın iştirakçı-dinləyicisi olan videomüzakirədə maraqlı məruzələr dinlənildi.
Konfransı giriş sözü ilə açan tədbirin təşkilatçısı, Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin vitse-prezidenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov iştirakçıları salamlayaraq, ötən ilin sonlarında yaranmış qurumun həyata keçirdiyi layihələr haqqında məlumat verdi.
O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, AMEA Memarlıq və İncəsənət İnstitutu, T.K.Jurgenov adına Qazax Milli İncəsənət Akademiyası, M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutu (Qazaxıstan), Müasir Gürcüstan Teatr Araşdırmaları Mərkəzi və Şota Rustaveli Teatr və Film Universitetinin (Gürcüstan) tərəfdaş olduğu konfransın materiallarının elektron toplu şəklində dərc olunacağını da bildirdi.
Çıxışçı “Teatr-onlayn” elmi konfransının ideyasının günün şərt və tələblərindən doğduğunu da əlavə etdi: “Pandemiya bu gün ictimai psixoza çevrilib və teatr prosesindən ötrü parçalanma, ikiləşmə nöqtəsi olub. Bu nöqtədən sonra prosesin yönünü və xassəsini dəqiq proqnozlaşdırmaq faktiki olaraq mümkün deyil”. Vurğulandı ki, mövcud vəziyyət həm teatr biznesinə (iqtisadiyyatına), həm teatr estetikasına, həm də teatr düşüncəsinə təsir edir. Teatr “burada və indi” prinsipinə əsaslanan canlı sənətdir və tamaşanın videoyazısını seyr etmək onun canlı nümayişini əvəz edə bilməz.
Konfransın moderatorları sənətşünaslıq doktoru, dosent Marina Vasadze (Gürcüstan) və sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov (Azərbaycan) idi.
Konfrans iştirakçılarının əsas müzakirə perimetrinə diqqətçəkən digər çıxışçı – birliyin prezidenti, qazaxıstanlı teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Anara Erkebay teatrın bütün vəziyyətlərdə tamaşaçıya təsir gücünə malik olduğunu dedi: “Pandemiya teatr həyatının bütün sahələrində dəyişikliklər edib: tamaşalar, premyeralar, qastrol səfərləri, festivallar və teatr görüşləri təxirə salınıb. Koronavirus hamının həyatını dəyişib. Məhz indi informasiya texnologiyalarının insanlara təsiri parlaq şəkildə görünür. Teatrlar qapalı olmasına baxmayaraq, öz tamaşaçılarını onlayn nümayişlər, görüşlər, ustad dərsləri və müsahibələrlə sevindirirlər. Karantin dövründə bir çox insanlar mədəni cəhətdən zənginləşmək imkanı qazanıblar, çünki bütün dünyanın teatrları epidemiya zamanında onlayn kontentlərə ödənişsiz çıxış imkanları yaradıblar. Teatr həmişə canlı sənət olub. İndi isə onun yeni – virtual mərhələsi başlanıb. Biz teatr sənətinin bu yeni növünü qəbul etməyə hazırıqmı?”.
Hamının həyatına böyük ölçüdə nüfuz edən bu virusa meydan oxumağın yolları, ümumilikdə müasir texnologiyaların teatra tətbiqi və yeni dünya düzənində onun təzahür formalarının geniş müzakirə olunduğu konfransda bir sıra maraqlı məqamlar üzə çıxdı.
Məsələn, tanınmış teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Talıbzadə özünün “Koronavirus dövrünün bədbin karnavalı və yaxud insan olmaq qadağandır” adlı məruzəsində maraqlı bir müqayisə ilə buna münasibətini bildirdi: “Teatr onlayn olmur: bu, bir aksiomdur. Teatr-onlayn bütün hallarda kamera vasitəsilə lentə alınmış tamaşanın nümayişindən başqa bir şey deyil və ola da bilməz. Teatrın onlayn rejimdə şopinq predmetləri kimi təqdim edilməsi hissiyyatsız, reaksiyasız, lal bir kukla ilə evlənməyə bənzər”.
Digər mütəxəssislər – dramaturq, “Gülüş və gözyaşı” teatrının rejissoru Xristo Stoyçev (Bolqarıstan) “Teatrda yeni reallıqlar haqqında dialoqlar”, T.K.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının Teatr sənətinin tarixi və nəzəriyyəsi kafedrasının müdiri, professor Saniyə Kabdiyeva “Səhnəyə həsrət qalan teatr”, AMEA Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov “Virtual teatrda tamaşaçı amili”, Stanislavski Elektroteatrının kuratoru, sənətşünaslıq namizədi Kristina Matvienko (Rusiya) “Karantin dövründə teatrın onlayn iş formaları” adlı məruzələrində onlayn tamaşa nümayişi, elektron resurslar vasitəsilə teatrın özünü təbliğ imkanları, həmçinin tamaşaçı ilə ünsiyyətində elektron vasitəçilik formaları barədə mülahizələr səsləndirdilər.
Məruzələrin bir qismində isə biz teatrın çağdaş texnologiyalara müqavimətindən çox onunla vəhdətinin vacibliyinin önə çəkildiyini gördük. Bu mənada konfransa İrandan qatılan Lameyi Universitetinin müəllimi Səid Kazimiyanın “Sosial şəbəkələr və gələcəyin teatrının tamaşaçıları”, Türkiyəni təmsil edən fəlsəfə doktoru Ziyad Quluzadənin “Teatr transmediası. Onlayn teatr normativinin analizi” məruzələrində istiqamətverici məqamlar çoxluq təşkil edirdi.
Ümumilikdə, əksər sənət növləri kimi, teatrı da təzadlı seçim qarşısında qoyan, onun ənənələrini saxlamaqla texnologiyaya inteqrasiyasını tələb kimi ortaya atan və bununla da teatr mütəxəssislərini də iki qütbə bölən internet və teatr, deyəsən, hələ uzun-uzadı mübadilə dövrü keçəcək. Təbii ki, bütün hallarda yenə də tamaşaçı qazanclı çıxacaq. Teatrı sevsə və onu vacib mənəvi tələbatına çevirsə...
Həmidə NİZAMİQIZI