Teatrların virtual tamaşa nümayişləri
Muzey və sərgi salonlarından fərqli olaraq, hələlik fəaliyyətini bərpa edə bilməyən teatrlar, xüsusi karantin və sosial təcrid rejimi şəraitində virtual tamaşa nümayişlərini davam etdirirlər.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında N.Qoqolun eyniadlı pyesi əsasında (Sabit Rəhmanın tərcüməsi) hazırlanan ikihissəli “Müfəttiş” tamaşası mayın 23-də sənət ocağının “Facebook” hesabı vasitəsilə nümayiş olunacaq.
Səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Xalq artistləri Ramiz Novruz, Rafiq Əzimov, əməkdar artistlər Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Nigar Güləhmədova, Kazım Həsənquliyev, Məzahir Cəlilov, Elxan Quliyev və başqaları tamaşada rol alıb.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” ikihissəli musiqili komediyasını növbəti dəfə mayın 23-də saat 18:00-da “Facebook” səhifəsi vasitəsilə nümayiş etdirəcək. Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatına layiq görülmüş tamaşa Xalq artisti Cənnət Səlimovanın quruluşunda səhnəyə qoyulub. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri əməkdar artistlər Zakir və Yelena Ağayevlərdir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı həftəsonu digər maraqlı tamaşalarını da virtual nümayiş etdirəcək. Sənət ocağının “Facebook” səhifəsi vasitəsilə mayın 22-si saat 18:00-da “Arşın mal alan”, ayın 24-ü saat 18:00-da “Ər və arvad” tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək. Xatırladaq ki, Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası ilk dəfə 110 il əvvəl – 1910-cu il mayın 24-də tamaşaya qoyulub.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mayın 28-də Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasını sosial şəbəkə hesabları vasitəsilə təqdim edəcək. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Xalq rəssamı mərhum Tahir Tahirov, rəqslərin quruluşçusu Sənan Hüseynlidir.