“Nəriman Əliyev ömrünü müəllimliyə həsr etsə də, ifaçı kimi də mükəmməl idi”

İştirak etdiyim muğam axşamlarında, bu ulu sənətlə bağlı efir-ekrandan yayımlanan verilişlərdə onun adını çox eşitmişdim. Ustad xanəndə, pedaqoq, Əməkdar müəllim Nəriman Əliyev. Sonralar onun yetirmələrinin muğam sənətində layiqli mövqe tutduqlarını görəndə bu ustadlığın həqiqət olduğunu bir daha dərk etdim...

Nəriman Mövsüm oğlu Əliyev 5 may 1930-cu ildə Bakının Buzovna qəsəbəsində dünyaya göz açıb. 1956-cı ildə ustadlar ustadı, görkəmli xanəndə Seyid Şuşinski ilə tanış olur. Bu ünsiyyət onun həyatında dönüş nöqtəsi olur, gələcək fəaliyyət istiqamətini müəyyənləşdirir.

Nəriman Əliyev S.Şuşinskinin xanəndəlik sinfində təhsil alır, muğamın sirlərini dərindən öyrənir. O, ustadından təkcə muğamın dərinliklərini deyil, həm də onun tədris üsullarını mənimsəyir. Müəlliminin ənənələrini uğurla davam etdirən N.Əliyev 1965-ci ildən 1997-ci ilədək məzunu olduğu Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik sinfində dərs deyir. Pedaqoq kimi sonradan muğam sənətində öz sözünü deyən xanəndələr nəsli yetişdirir. Xalq artistləri Qəndab Quliyeva, Ağaxan Abdullayev, Səfa Qəhrəmanov, Səkinə İsmayılova, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Zümrüd Məmmədova, Teyyub Aslanov, Mələkxanım Əyyubova, Qəzənfər Abbasov, Gülyanaq Məmmədova və başqaları onun muğam sevgisi və muğam bilgisi ilə sənətdə şöhrət qazanmışlar.

N.Əliyev 1960-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, konsertlərdə uğurlu çıxışları ilə muğamsevərlərin rəğbətini qazanıb. Azərbaycan Televiziyasının fondunda onun ifasında “Rast”, “Bayatı-Şiraz”, “Rahab”, “Mahur-hindi”, “Çahargah”, “Şur”, “Mənsuriyyə”, “Mani” muğam və təsniflərinin, xalq mahnılarının lent yazısı saxlanılır. Ömrünü həsr etdiyi muğam sənətinə böyük sevgisini həm də qız övladlarına verdiyi adlarla da sübuta yetirib: Mahur, Dilkeş, Dilruba.

Unudulmaz pedaqoq, Əməkdar müəllim Nəriman Əliyev 1998-ci il aprelin 28-də vəfat edib.

 

Xatirələr nə deyir?

 

Sənətkarı anadan olmasının 90 illiyində xoş xatirələr işığında yad edirik...

 

Həyat yoldaşı Xalidə xanım Nəriman Əliyevin uşaq yaşlarından musiqiyə həvəs göstərdiyini deyir: “Biz qohum idik. Hələ gənc yaşlarından el şənliklərində onu həvəskar xanəndə kimi oxutdururdular. Nərimanın atası Quranı çox gözəl avazla oxuyardı. Həm atasından, həm də aldığı vallardan görkəmli xanəndələrin ifalarını dinləyib öyrənirdi.

Qoboy ifaçısı Kamil Cəlilov musiqi məktəbinə daxil olmuşdu və Nərimana deyirdi ki, gəl sən də mənimlə birlikdə gedək. Lakin nədənsə Nəriman bu sahəni özünə sənət seçməyə tərəddüd edirdi.

Böyüyüb boya-başa çatdığı Buzovnada toyların birində tanış olduğu ustad xanəndə Seyid Şuşinski onu təcili olaraq təhsilə yönəldir. S.Şuşinski uzun müddət onların ailəsi ilə birgə yaşayıb. Nərimanın atası dostluq etdiyi xanəndəyə öz həyətində ev tikdirir. S.Şuşinski uzun illər bu evdə yaşayır. O, musiqi məktəbindən çıxıb Ağdama gedəndə məktəbin direktoru Azər Abdullayevdən xahiş edir ki, onun əvəzinə Nərimanı məktəbə müəllim kimi qəbul etsin. Beləliklə, Nəriman ömrünü Bakı Musiqi Texnikumuna bağlayır”.

Xalq artisti Səkinə İsmayılova ilk növbədə unudulmaz pedaqoqu 90 illik yubileyi ərəfəsində yada saldığımıza görə qəzetimizə minnətdarlığını bildirdi. Dedi ki, bu gün muğam sənətimizi səviyyəli şəkildə təqdim edən xanəndələrin ərsəyə gəlməsində onun rolu danılmazdır: “Əslində, müəllimim haqqında haradan başlayım, haradan danışım bilmirəm. Həyat yoldaşı Xalidə xanım bir neçə il əvvəl Nəriman müəllimin qeydləri olan dəftəri mənə verdi. Bu dəftərdə onun uşaqlıq illəri, təhsil dövrü, fəaliyyəti, tələbələri, mükafatları və s. əks olunub. 1974-cü ildə orta məktəbi bitirib ali hüquq təhsili almaq istəyirdim. Lakin o vaxt məktəbdə musiqi üzrə bizə dərs deyən Vidadi Xəlilov məni bir növ “kəşf” etdi. O, səsimə görə məni çox qoruyurdu, hələ məktəb vaxtı müsabiqələrdə iştirak etməyimə şərait yaradırdı. Orta məktəbdə oxuyarkən “Oxu, tar”, “İstedad axtarırıq” müsabiqələrinin qalibi oldum.

Məktəbi bitirib Asəf Zeynallı adına Musiqi Texnikumuna qəbul olundum və xoşbəxtlikdən Nəriman müəllimin sinfinə düşdüm. Nəriman müəllim dünyagörmüş, ədəb-ərkan bilən bir insan idi. Onu da deyim ki, ailəm çətinliklə bu sənətə gəlməyimə icazə vermişdi. Nəriman müəllimin sinfində biz ata qayğısı ilə əhatələndiyimiz üçün evdə də nigaranlıq olmurdu. Qavrama qabiliyyətim xoşuna gəlirdi. Deyirdi sənin gözəl səsin var, məktəbdə çox istəyirlər ki, sən operaya gedəsən. Həmin dövrdə Şəfiqə Axundovanın mahnılarını çox oxuyurdum. Əhsən Dadaşovun ansamblında çalışan qanun ifaçısı Vəcihə Səmədova mənə dedi ki, Şəfiqə xanım səni operaya aparmaq istəyir. Gəlib Nəriman müəllimlə məsləhətləşdim. Çox sevindi. Dedi heç tərəddüd etmə, evdə razı olmasalar, mən onlarla danışaram. Onun məsləhəti ilə opera səhnəsinə də gedib çıxa bildim. Mən “Hümayun” muğamını Nəriman müəllimin dinləmələri və razılığı ilə lentə yazdırdım. Ruhu şad olsun”.

 

Xalq artisti Teyyub Aslanov:

- Nəriman müəllimlə tanışlığım 90-cı illərin əvvəllərinə təsadüf edir. 1989-cu ildə İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin musiqili teatr aktyorluğu ixtisasına qəbul olunmuşdum. Nəriman Əliyevin ən yaxşı muğam müəllimi olduğunu eşitmişdim. Ondan dərs almağa başlayanda öz işinin peşəkarı, gözəl pedaqoq olduğunun şahidi oldum. Təsadüfi deyil ki, Nəriman müəllim xanəndəlik məktəbinə böyük bir xanəndə ordusu bəxş edib. Onların əksəriyyəti indi yüksək fəxri adlara layiq görülən tanınmış xanəndələrdir.

Nəriman müəllim tələbənin qədrini bilir, onunla doğma insan kimi rəftar edirdi. Çox xoşbəxtəm ki, ondan dərs almışam və sevimli tələbələrindən biri olmuşam. Özünəməxsus öyrətmə metodu var idi. Mən ondan necə öyrənmişəmsə, bu gün həmin metodla da tələbələrimə dərs keçirəm. Nəriman Əliyev ömrünü müəllimliyə həsr etsə də, ifaçı kimi də mükəmməl idi. Onun səsi bütün registrlərdə işləyirdi. Allah ruhunu şad eləsin.

 

Xalq artisti Gülyaz Məmmədova:

- Nəriman müəllimi ilk dəfə 5-ci sinifdə oxuyanda görmüşdüm. Şəkidə muğam müsabiqəsi keçirilirdi və o da münsif idi. Gülyanaqla mən çıxıb oxuduq. Hansı kənddən olduğumuzu soruşdu. Dedik ki, Böyük Dəhnə kəndindənik. Soruşdu ki, siz o kənddə Məmmədova Rəhiməni tanıyırsınız? Utana-utana bacımızdır deyəndə bir az ərklə dedi ki, ona deyin dərsə gəlsin. Biz dedik o ailə qurub. Buna görə çox əsəbiləşdi. Sonra mən 1988-ci də, Gülyanaq isə 1992-ci ildə onun sinfində dərs aldıq.

O, Azərbaycanın böyük muğam müəllimlərindən idi. Onun muğam öyrətmə üsulu o qədər fərqli və gözəl idi ki, oxumayan tələbə belə muğamı gözəl bilərdi. Öyrətmə qabiliyyəti güclü idi. Qəzəl və muğamı, poeziyanı dərindən bilir və tələbələrinə də əruzu və hansı muğama hansı qəzəli oxumaq lazım olduğunu məharətlə öyrədirdi.

Bu gün ifa etdiyim bir çox mahnını Nəriman müəllimin zümzüməsi ilə öyrənib oxumuşam. Bizə ata qayğısı göstərirdi.  Məni muğam radio fonduna aparıb “Şahnaz” muğamını yazdırdı. İfamı özü qavalla müşayiət etdi.

Həm mənim, həm də Gülyanağın sənət yolunda onun böyük xidmətləri var. Bir faktı da deyim ki, Seyid Şuşinskinin qavalının biri Nəriman müəllimdə idi. Biri də Asəf Zeynallı adına Musiqi Texnikumunda qalmışdı. Hazırda o qaval sinfimin konsertmeysteri Mehman Mikayılovdadır. Bu gün konsertlər zamanı çox vaxt o qavalla səhnəyə çıxıram.

***

Ömrünü muğam sənətinin tədrisinə həsr edən Nəriman Əliyev musiqi mədəniyyətimizdə xoşbəxt sənətkar kimi qalıb. Çünki biliyini tələbələrinə səxavətlə xərcləyib, yetirmələrinin uğurlarına sevinib.

Lalə AZƏRİ