“Suğra və oğulları” filminin ilk təqdimat videosu yayılıb
Bakı Media Mərkəzi və “Buta Film” şirkətinin birgə istehsalı olan “Suğra və oğulları” filminin ilk təqdimat videosu yayılıb.
Bakı Media Mərkəzindən bildirilib ki, çəkilişlərində Almaniyanın “Salar Film” və Fransanın “Arizona Production” şirkətləri ilə əməkdaşlıq edilən film İkinci Dünya müharibəsi dövründə Azərbaycan kəndində yaşayan insanların taleyindən bəhs edir. Filmin əsas çəkilişləri Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb.
Suğra iki oğlu ilə birgə dağ kəndində yaşayır. Onun əri Böyük Vətən müharibəsində döyüşlərdə iştirak edir. Suğra uzun müddətdir ərindən xəbər ala bilmir, bu ərəfədə isə onun böyük oğluna da cəbhəyə çağırış vərəqi gəlir. Ərindən sonra oğlunu da itirəcəyindən narahat olan Suğra tərəddüd edir və sonda böyük oğlunu dağlarda gizlənən qaçaqların yanına göndərir. Bundan sonra o, ağır əziyyətlərlə üz-üzə qalır. Sevgi və nifrətlə dolu həyat onu gözləyir.
Quruluşçu rejissoru İlqar Nəcəf olan “Suğra və oğulları” filminin yaradıcı heyəti arasında avropalı mütəxəssislər də yer alıb. Quruluşçu operator Avropa Kino Akademiyasının üzvü Ayhan Salar (Almaniya), səs rejissoru Michael Menzke (Almaniya), ssenari müəllifləri İlqar Nəcəf, Asif Rüstəmov və Roelof Jan Minneboadır (Niderland).
Ekran əsərində tanınmış aktyorlar Qurban İsmayılov, Günəş Mehdizadə, Xalidə Quliyeva, İlqar Cahangir, Rasim Cəfər, Aydan Həsənzadə ilə yanaşı, sənətdə debüt edən Hümbət Əhmədzadə, Paşa Məmmədli kimi gənclər də çəkilib. Onlar Daşkəsən rayonunun sakinləridir.
Çəkilişlər zamanı bir sıra epizodlarda Suqovuşan kəndinin sakinləri də iştirak ediblər. İkinci Dünya müharibəsi dövrünün bütün keşməkeşlərini özündə cəmləşdirən filmin yaxın vaxtlarda geniş auditoriyaya təqdim olunması ilə yanaşı, beynəlxalq festivallarda da Azərbaycanı təmsil etməsi gözlənilir.