Azərbaycan
23 may 1524 – Azərbaycan Səfəvilər dövlətinin banisi, böyük sərkərdə, şair Şah İsmayıl Xətai (17.7.1487 – 1524) vəfat edib. Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunub.
23 may 1905 – Əməkdar artist, rejissor Heydər Məşədi Aslan oğlu Şəmsizadə (1905-1981) Şuşada doğulub. Ağdam Dövlət Dram Teatrında çalışıb, Aşqabaddakı Azərbaycan teatrında tamaşalar qoyub.
23 may 1919 – Xalq yazıçısı Hüseyn Məmmədəli oğlu İbrahimov (1919 – 10.4.2008) Naxçıvan MR Şərur rayonunun Şahtaxtı kəndində doğulub. “Şirin xatirə”, “Bahar yağışı”, “Qu quşları öləndə oxuyurlar” və s. kitabların müəllifidir.
23 may 1959 – Əməkdar incəsənət xadimi, pianoçu İbrahim Hacıbaba oğlu Quliyev (1959 – 16.1.2010) anadan olub. Beynəlxalq Muğam Mərkəzinin direktoru (2009-2010) işləyib.
23 may 1986 – Xalq artisti, rejissor, Azərbaycan musiqili teatrının yaradıcılarından biri Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (23.2.1911 – 1986) vəfat edib. Musiqili Komediya Teatrının, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru olub.
24 may 1874 – Görkəmli şair, tərcüməçi Abbas Səhhət (Abbasqulu Əlabbas oğlu Mehdizadə; 1874-1918) Şamaxıda anadan olub. Rus, ərəb, fars, gürcü və fransız yazıçılarının əsərlərindən tərcümələr edərək “Məğrib günəşləri” kitabında (1912) çap etdirib.
24 may 1879 – Publisist, teatr xadimi Mehdi bəy Süleyman bəy oğlu Hacınski (1879-1941) anadan olub. “Nicat” xeyriyyə cəmiyyətinin teatr bölməsinə rəhbərlik edib.
24 may 1893 – İlk azərbaycanlı qadın pianoçulardan olan Xədicə Qayıbova (1893 – 27.10.1938) Tiflisdə doğulub.
24 may 1893 – Ədəbiyyatşünas Mustafa Zəkəriyyə oğlu Quliyev (1893-1938) Şəkidə anadan olub. Xalq maarifi komissarı (1922-1928) işləyib. Repressiya qurbanıdır.
24 may 1898 – Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqlarından biri, publisist, dramaturq, tərcüməçi Mirzə Bala Məmmədzadə (1898 - 8.3.1959) Bakının Zirə kəndində doğulub. 1924-cü ildə İrana, oradan Türkiyəyə mühacirət edib.
24 may 1899 – Şairə Ümgülsüm Sadıqzadə (1899-1944) Bakının Novxanı kəndində doğulub. 1937-ci ildə həyat yoldaşı, yazıçı Seyid Hüseyn repressiya edilərək güllələnib, Ü.Sadıqzadə Mordoviya həbs düşərgəsinə göndərilib. 1944-cü ildə həbsdə vəfat edib.
24 may 1913 – Aşıq Ağalar (Ağalar Bilal oğlu Mikayılov; 1913-1988) Ağsu rayonunun Qəşəd kəndində doğulub.
24 may 1925 – Ədəbiyyatşünas, türkoloq Cavad Heyət (1925 – 12.8.2014) Təbrizdə doğulub. “Azərbaycan ədəbiyyat tarixinə bir baxış”, “Türklərin tarix və mədəniyyətinə bir baxış” və s. əsərlərin müəllifidir. Azərbaycan dilində «Varlıq» jurnalını nəşr etdirib.
24 may 1930 - Şair, tərcüməçi Əli Səngərli (Məmmədov; 1930 – 23.4.2009) Borçalı bölgəsinin Faxralı kəndində anadan olub.
24 may 1948 – Xalq artisti Fuad Ağarəhim oğlu Poladov (1948 – 5.5.2018) Bakıda doğulub. Akademik Milli Dram, Rus Dram teatrlarında çalışıb. Kinoda (“Güllələnmə təxirə salınır!”, “Ovsunçu”, “Küçələrə su səpmişəm” və s.), televiziya tamaşalarında xarakterik obrazlar qalereyası yaradıb.
24 may 1967 – Ədəbiyyatşünas, yazıçı-dramaturq, dövlət xadimi Şıxəli Qurban oğlu Qurbanov (16.8.1925 – 1967) vəfat edib.
24 may 1984 – Əməkdar artist, xanəndə Haşım Səmədbəy oğlu Kələntərli (1899–1984) vəfat edib. Opera və Balet Teatrında çalışıb.
25 may 1991 – Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev (22.4.1911 – 1991) vəfat edib. “Kommunist” qəzetində (indiki “Xalq qəzeti”) rəssam işləyib. Əsasən qrafika ilə məşğul olub, mənzərə ustası kimi tanınıb.
26 may 1877 – Maarifçi-alim Mirzə Məhəmmədəli Tərbiyət (1877 – 17.1.1940) Təbrizdə doğulub. Şəhərdə kitabxana açıb. Azərbaycan mədəniyyəti tarixini əhatə edən “Danişməndani-Azərbaycan” ensiklopedik toplusunun müəllifidir.
26 may 1894 – Ədəbiyyatşünas, publisist Vəli Məmmədhüseyn oğlu Xuluflu (1894-1938) Şəmkir rayonunun Xuluflu kəndində doğulub. Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru işləyib. Repressiya qurbanıdır.
26 may 1914 – Xalq yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev (1914 – 3.10.1996) Füzuli şəhərində anadan olub. “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost” və s. romanların, povest və hekayələrin, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin (“Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mahnı dağlarda qaldı”, “Hökmdar və qızı” və s.) müəllifidir.
26 may 1938 – Şair Adil Rəsul (1938-1997) Şamaxı şəhərində anadan olub. Şeirlərinə mahnılar bəstələnib.
27 may 1906 – Xalq artisti Soltan Baba oğlu Dadaşov (1906-1969) Bakıda anadan olub. Opera və Balet Teatrında quruluşçu rejissor işləyib.
26 may 1906 – Yazıçı-dramaturq Şəmsəddin Bəhlul oğlu Abbasov (1906-1975) Xızı rayonunun Sayadlar kəndində doğulub. Bakı kinostudiyasının direktoru olub, kinossenarilər yazıb.
26 may 1926 – Xalq şairi, nasir Söhrab Tahiri (Söhrab Əbülfəz oğlu Tahiri; 1926 – 4.5.2016) Cənubi Azərbaycanın Astara şəhərində doğulub. 1946-cı ildə sovet Azərbaycanına köçüb. Kitabları: “Vətənlə sevgi arasında”, “Qonşu qızın məktubları”, “Əmanət” və s.
26 may 1956 – Xalq şairi Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov; 21.3.1906 – 1956) vəfat edib. 20-dən çox poemanın, “Vaqif”, “Fərhad və Şirin” və s. mənzum dramların, dillər əzbəri olan şeirlərin müəllifidir.
Dünya
23 may 1891 — İsveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1951) laureatı Fabian Lagerkvist (1891-1974) anadan olub. Əsərləri: “Cəllad”, “Cırtdan”, “Varavva”, “Savilla” və s.
24 may 1899 – Belçika əsilli fransız şairi, rəssam Anri Mişo (1899-1984) anadan olub.
24 may 1905 – Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1965) Mixail Şoloxov (1905 - 21.2.1984) anadan olub. Əsərləri: “Sakit Don”, “Oyanmış torpaq”, “İnsanın taleyi” və s.
24 may 1940 – Rus şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1987) İosif Aleksandroviç Brodski (1940 – 26.1.1996) anadan olub.
25 may 1803 - Amerika şairi, filosof Ralf Voldo Emerson (1803-1882) anadan olub.
26 may 1822 – Fransız yazıçısı Edmon de Qonkur (Edmond Huot de Goncourt; 1822 - 16.7.1896) anadan olub.
26 may 1842 – Gürcü yazıçısı və şairi Georgi Seretelli (1842-1900) anadan olub. Əsərləri: “İlk addım”, “Asimat xala”, “Boz qurd” və s.
26 may 1904 – Görkəmli türk şairi və mütəfəkkiri Nəcib Fazil Qısakürək (1904 – 25.5.1983) anadan olub.
27 may 1840 – Məşhur italyan bəstəkarı və skripkaçısı Nikkollo Paqanini (1782-1840) vəfat edib.
Hazırladı: Vüqar ORXAN