Mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əsaslı dəyişiklərə nail olmaq üçün gənc əməkdaşların yeni peşə səriştələrinə yiyələnməsi və innovativ xarakterli kreativ ideyaların tətbiqi kimi məsələlər böyük əhəmiyyətə malikdir.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” üzvlərinin iştirakı ilə mayın 15-də keçirilən “Yeni təfəkkür və yeni yanaşmalar” adlı videokonfransda bu barədə bəhs edilib.
Mərkəzdən bildirilib ki, onlayn görüşə Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsindən 50-dən çox gənc mədəniyyət işçisi qatılıb. Görüşdə həmçinin MEMİM-in direktoru Asif Usubəliyev, direktor müavini Leyla Mehdiyeva, elmi katib Cavid Əliyev və şöbə müdiri Nurəddin Babazadə iştirak edib.
Çıxışlarda qeyd edilib ki, “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun təsis olunması müxtəlif məsələlər ilə yanaşı, mədəniyyət müəssisələrinin fəaliyyətinin çevikliyinin təmin edilməsinə, yeni ideyaların formalaşmasına və savadlı gənclərin sahəyə diqqətinin artırılmasına təkan verir. Ötən müddətdə gənc mədəniyyət işçiləri bəzi ideya və təkliflərini təqdim ediblər.
Xatırladaq ki, “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin nəzdində 2015-ci ildə yaradılıb. İndiyədək qrup tərəfindən 50-dən çox tədbir, o cümlədən gənc mədəniyyət işçiləri arasında debatlar, intellektual oyunlar, müxtəlif yarışlar, “Qış” və “Yay” düşərgələri təşkil edilib, “Bölgə” teatr truppası yaradılıb, müxtəlif konfranslar, seminarlar və s. keçirilib.