Yaxud həbsxana incəsənəti barədə məlumatınız varmı?
Təxminən iki aydır ki, koronavirus pandemiyası üzündən karantin rejimində çalışırıq. İşindən ayrılıb evdə qalmağa, ya da məsafəli işləməyə məcbur olan neçə-neçə insan savadından, sosial mənşəyindən, əsas məşğulluq sahəsindən, yaşından asılı olmadan özündə indiyədək xəbərsiz olduğu başqa bacarıqlar, istedadlar kəşf edib. Ya da iş-ev-iş rejimində çalışmalı olduğu illər ərzində indiyədək əlinin çatmadığı, vaxt tapmadığı hobbisi ilə məşğul olmağa davam edərək az qala peşəkar səviyyəsində uğur qazanıb.
Düşünəndə ki elə insanlar var ki, onların “karantin”i illərlə davam edir, üstəlik, onların hərəkət sərbəstliyi tikanlı məftillər arasında məhdudlaşır, bir neçə aylıq müvəqqəti özünütəcridə dözmək adama toxtaqlıq verir.
***
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron portalında mədəniyyət sahəsində çalışan kəslərə mahiyyət baxımından doğma olan bir bölmə var: “Həbsxana incəsənəti”. Bu bölmədə ölkəmizdəki cəzaçəkmə müəssisələrində islah olunan, törətdiyi cinayət əməlinin cəzasını çəkən kəslərin əl işləri sərgilənir. Əslində, sərgilənir demək o qədər də düz gəlmir. Çünki həmin nəfis naxışlı nərdtaxtalar, təyyarə və gəmi modelləri, müxtəlif materiallardan yapılmış kiçikölçülü fiqurlar, toxunma geyimlər, xalçalar, hətta mebel nümunələri satışdadır. Yəni eksklüziv əl işi, təkrarı olmayan əşya, interyer bəzəyi əldə etmək istəyən hər bir vətəndaş saytın bu bölməsinə daxil olaraq onlayn alış-veriş edə bilər. “Həbsxana incəsənəti”ndə təklif edilən hər bir məmulatın hansı cəzaçəkmə müəssisəsində düzəldildiyi, materialı, ölçüləri, qiyməti barədə məlumat yerləşdirilib.
Əgər bu təkliflərə sənətkarlıq baxımdan yanaşsaq, təbii ki, aralarında peşəkarlığı ilə seçilənin də, bir qədər primitiv təsir bağışlayanın da, ötən illərin orta məktəblərindəki təsviri incəsənət və ya əmək dərslərində şagird əlindən çıxmış təəssüratı oyadanı da olduğunu görə bilərik. Olsun. Elə qiymətlər də təkcə işlənmə materialına görə deyil, həm də işləmə texnologiyasına, əl işinin mürəkkəbliyinə və yerinə yetirilmə texnikasına görə müəyyən edilib.
Adətən, belə müəssisələrdə hazırlanan məhsulların nəfis tərtibatı və peşəkarlıq sarıdan fərqli olmalarına baxmayaraq, istiqamət və motiv cəhətdən bir-birini təkrarlamağına alışmışıq. Yəni, standart nərdtaxta, dama və şahmat fiqurları yığmaq üçün qutu-lövhə, mücrü, qəlyan, təsbeh, xalça...
Amma təklif edilən məhsulların arasında bir suvenir məzmunu ilə diqqəti daha çox cəlb edir. Gildən yapılmış, ölçüsü 10x15 sm göstərilmiş fiqur “Qandallı mələk” adlanır. Şəklin üstünə tıklayıb pasportunu açırıq. Suvenirin tərbiyə müəssisəsində hazırlandığı göstərilir. Deməli, hələ yetkinlik yaşına çatmamış xatakarın (cinayətkar yazmağa adamın əli gəlmir) əlindən çıxıb. Görəsən, ideya kimindir: uşaq yaşında ya zəlzələdən, ya vəlvələdən tale yolu xüsusi rejimli müəssisədən keçdiyi üçün içindəki mələk saflığı hələ itməmiş yeniyetmənin, ya da onlarla məşğul olan səbirli, uzaqgörən müəllimin? Bilmirik. Hətta plagiat da olsa, kiçikölçülü fiqurun daşıdığı məna yükü böyükdür. Bizləri hifz edən mələklərin yasaq işarələrini hər kəs zamanında anlasaydı, yaşamağa nə vardı ki...
***
...Cinayətkarlıq statistikası, onun sosioloji aspektləri ilə maraqlananlar, bu əməlləri psixoloji yöndən araşdıran mütəxəssislər deyirlər ki, sənətkar ruhlu, özünü müxtəlif yaradıcılıq sahələrində sınamağa həvəsli adamlara cinayətkarların arasında seyrək rast gəlinir. Bu da səbəbsiz deyil. Beynini, ruhunu, qəlbini, o cümlədən əllərini xoş əməllərə “kökləyən” insan bəd əməllərə çətin uyur. Sadəcə, heç də hər kəs sınamadan, məşğul olmağa cəhd etmədən qəti deyə bilməz ki, hansı iş əlimdən gəlmir, ya da mən bunu bacarmaram.
Bir neçə il öncə Bakıdakı bir cəzaçəkmə müəssisəsində məhbusların əl işlərindən ibarət sərgidə qonaq qismində iştirak edərkən də buna bir daha əmin olmuşduq. Öz yaradıcılığını təqdim edən bir neçə məhbusla söhbətimizdə də onların azadlıqda ikən belə qabiliyyətlərinin mövcudluğundan xəbərsiz olduqları barədə etiraflarını eşitmişdik. Neyləyək, bu da bir iş idi, baş verdi. Təki xoşniyyətli əməl sahibi olduğundan daha faydalı hünərindən xəbər tutduqdan sonra doğmalarının yanına dönərkən əməllərində azmasınlar.
Ədliyyə Nazirliyinin elektron portalındakı “Həbsxana incəsənəti”nin başqa nümunələri ilə tanış olmaq istəyənlər isə bu linkə daxil ola bilərlər: https://prisonart.gov.az/
Gülcahan MİRMƏMMƏD