Qəhqəhə çəkib maqqıldadı qara zurna,
Uçub gəldi qatarına
Qatarından əyri düşən bala zurna.
Bu səs düşmən qulağında
Bir qəhqəhə, bir gülüşdü,
Qəniminə divan tutan,
Hüdudlardan çölə atan
Oğuz Babam yada düşdü.

Xalq şairi Bəxtiyar Vahabzadənin ifaçılığına heyran olduğu və xüsusi şeir həsr etdiyi görkəmli el sənətkarı Ələfsər Məmmədrəhim oğlu Rəhimov (Ələfsər Şəkili) 1930-cu il mayın 5-də Şəki şəhərində anadan olmuşdur. Hələ kiçik yaşlarından musiqiyə həvəsi olan Ələfsər balaban çalmağı öyrənmiş, oyun havalarını sərbəst ifa etmişdir. Ələfsərdə zurna çalmaq meylini yaradan ustad sənətkarlar Həbibullah Cəfərov və Qaçay Mustafayev olmuşlar. O, muğam və xalq mahnılarını Ələsgər Abdullayevin, Cabbar Qaryağdıoğlunun, Zülfi Adıgözəlovun qrammofon vallarından öyrənmişdir.

İstedadı və qabiliyyəti sayəsində tanınan Ələfsər 1946-cı ildə Respublika özfəaliyyət olimpiadasının istirakçısı olmuş, repertuarını zənginləşdirərək peşəkar zurnaçı kimi çıxış etməyə başlamışdır. Ələfsər Şəkili klassik aşıq havalarını, “Segah”, ”Şur”, “Çahargah”, “Bayatı-kürd” muğamlarını, xalq mahnılarını, “Koroğlu”, “Pəhləvani”, “Misri”, “Cəngi”, “Şəki yallısı” və sairə rəqsləri ustalıqla ifa edirdi.

1955-ci ilin mart ayında bəstəkarlar Soltan Hacıbəyov, Səid Rüstəmov və baletmeyster Əlibaba Abdullayev folklor nümunələri toplamaq məqsədilə Şəkiyə gəlmişdilər. Qonaqlar Şəkidə olarkən “Şəki toyu” rəqs kollektivinin yeni quruluşda bərpa edilməsinə lazımi köməklik göstərmişdilər. Eyni zamanda gənc zurna ifaçısı Ələfsərin çalğısı onları heyran etmişdi. Həmin ilin mayında Bakıda keçirilən özfəaliyyət olimpiadasında Ələfsər Şəkili uğurla çıxış etmişdi. O daha sonra 1956, 1957, 1962-ci illərdə keçirilən respublika gənclərinin üç festivalında 1-ci dərəcəli diplom və qızıl medalla təltif olunaraq laureat adına layiq görülmüşdü.

1959-cu ilin may ayında Moskvada keçirilən Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündə “Şəki toyu” rəqs kollektivini Ələfsər Şəkilinin rəhbərlik etdiyi zurnaçılar ansamblı müşayiət etmişdi. O, ifaçılığını püxtələşdirərək 1963–1967-ci illərdə Şəki Orta İxtisas Musiqi Məktəbində təhsil almışdır. Sənətkar 1967-ci ildə Ümumittifaq, 1977-ci ildə Zəhmətkeşlərin 1-ci bədii yaradıcılığı festivallarının da laureatı olmuş, 1968-ci ildə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində çıxış etmişdi.

Musiqiçilər bilirlər ki, lap qədimdən zurnada yeddi barmaq yeri olub. Özü də bu pərdələrdə yarımpərdələr yaratmaq mümkün deyil. Buna görə də muğamları istənilən səviyyədə ifa etmək olmurdu. İlk dəfə zurnada səkkizinci barmaq yerini artırmaqla Ələfsər bu alətdə muğamların sərbəst ifasına nail olmuşdur. O, zurnada “Qatar” muğamını məharətlə ifadə edən yeganə sənətkar idi.

1962–1977-ci illərdə şəhər Mədəniyyət evinin bədii rəhbəri və direktoru vəzifəsində çalışan Ə.Şəkili eyni zamanda 1971–1984-cü illərdə şəhər 2 saylı Uşaq musiqi məktəbində nəfəs alətləri müəllimi işləmişdir. O, dəfələrlə Bakıda keçirilən respublika əhəmiyyətli tədbirlərdə, Azərbaycan Televiziyasında çıxış etmiş, qonşu Gürcüstanın azərbaycanlıların yaşadıqları rayonlarda, həmçinin respublikamızın bir çox şəhər və rayonlarında qastrol səfərlərində olmuşdur.

1974-cü ildə Ələfsər Şəkilinin ifasında Azərbaycan Radiosunun “qızıl fondu” üçün “Qatar”, “Segah”, “Bayatı-kürd”, “Şur”, “Heyratı”, “Qarabağ şikəstəsi” muğamları, həmçinin xalq mahnıları və rəqslərdən ibarət lentlər yazılmışdır.

Ələfsər Şəkili 1983-cü ilin noyabrında Fransada keçirilən Beynəlxalq Folklor Festivalında da uğurla çıxış etmişdi. Həmin festivalda SSRİ Xalq artisti Rəşid Behbudovun rəhbərlik etdiyi Dövlət Mahnı Teatrı, xalq artistləri Mübariz Tağıyev, Ramiz Quliyev, Səkinə İsmayılova və başqaları Azərbaycanı təmsil edirdilər. Festivalda Ələfsər Şəkilinin rəhbərlik etdiyi zurnaçılar dəstəsi həm rəqsləri müşayiət etmiş, həm də Rafiq Babayevin rəhbərlik etdiyi instrumental ansamblla birlikdə “Heyratı”, “Qarabağ şikəstəsi” ritmik muğamlarını ifa etmişdi.

1984-cü ilin aprel ayında Ə.Şəkili yenidən R.Behbudovun rəhbərlik etdiyi Dövlət Mahnı Teatrı ilə birlikdə Belçikada qastrol səfərində olur. Belçikadan qayıtdıqdan sonra Rəşid Behbudov Ələfsəri Bakıya – teatrda işləməyə dəvət edib. Daha sonra o, maestro, SSRİ Xalq artisti Niyazi tərəfindən Dövlət Simfonik Orkestrində işləməyə dəvət olunub. O isə Şəki mühitindən ayrılmaq istəməyib.

Ə.Şəkili uzun illər görkəmli el sənətkarları Həsrət Hüseynov, İzzətalı Zülfüqarov, Nurağa Rəhmanov, Manaf Məmmədovla birlikdə konsertlər vermişdi. O, həmçinin zurnaçılar dəstəsi ilə birlikdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Dəli Kür“, “Yeddi oğul istərəm”, “Yenilməz batalyon” filmlərinə çəkilmişdir.

Görkəmli şairlər Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Cabir Novruz, Məmməd Aslan, Fikrət Qoca və başqaları Ələfsərə şeirlər həsr etmişlər. O, uzun illər el sənətkarları Zakir Məmmədov, Rəcəbalı Əliyev, Ağasəf Musayev, Bünyat Kərimov, Bəhram Məmmədov, Əmrah Mustafayev, Adışirin Mustafayev, Yaqub Rəhimovla dostluq etmişdir.

Respublikamızın tanınmış el sənətkarları Rasim Ələsgərov, Əyyub Məmmədov, Baxşəli Abdulrəhmanov, İlham İbrahimxəlilov, Xurşud İbrahimxəlilov vaxtilə Ələfsər Şəkilinin şagirdləri olmuşlar.

Sənətkarın nəvəsi Ələfsər Rəhimov bu gün babasının yolunu davam etdirir. Qara zurnanın, balabanın və tütəyin tanınmış ifaçılarından biridir.

Ələfsər Şəkilinin sənətini görkəmli bəstəkarlar və müğənnilər Niyazi, Bülbül, Rəşid Behbudov, Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Soltan Hacıbəyov, Xəlil Cəfərov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov, Rauf Hacıyev, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova və başqaları yüksək qiymətləndirmişlər.

O, həyatda sadə, təvazökar olduğu halda səhnədə ciddi, dəqiqliyi sevən alicənab şəxsiyyət idi.

Zurna, balaban, tütək, klarnetin əvəzsiz ifaçılarından olan ustad sənətkar Ələfsər Şəkili 1984-cü il noyabrın 30-da vəfat etmişdir.

Ələfsər Şəkilinin həyat və fəaliyyəti haqqında sənətşünaslıq elmləri doktoru, professor Ramiz Zöhrabovun redaktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının müəllifi olduğu “Şəkinin musiqi folkloru” və “Şəkidə ifaçılıq sənəti” kitablarında geniş məlumat verilmişdir.

Sağlığında Şəki Dövlət Dram Teatrında onun 50 illik yubileyi yüksək səviyyədə qeyd olunmuşdu. 1990-cı ildə 60 illik, 2000-ci ildə 70 illik yubileyləri keçirilmiş, 2010-cu ildə isə Şəkidə Ə.Şəkilinin 80 illiyinə həsr olunmuş Milli nəfəs alətləri ifaçılarının respublika festivalı təşkil olunmuşdu. Ümidvarıq ki, ustad el sənətkarının 90 illik yubileyi də layiqincə qeyd olunacaqdır.

Vaqif KƏRİMOV
Əməkdar mədəniyyət işçisi