Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə beynəlxalq layihə əsasında Azərbaycan xalq mahnısı “Gül açdı“ yeni aranjimanda tanınmış musiqiçilər tərəfindən təqdim olunub. Yeni layihəni baş idarənin rəsmi “Youtube” kanalından izləmək olar.
İdarədən bildirilib ki, layihədə 11 yaşlı azərbaycanlı gənc istedad, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Klassik fortepiano və bəstəkarlıq sinfinin şagirdi Məhəmməd Allahverdiyev və tanınmış caz ifaçıları – Əməkdar artist, bas-gitara ifaçısı Ruslan Hüseynov və Danimarkadan zərb alətləri ifaçısı Deodato Siquir “Gül açdı” Azərbaycan xalq mahnısını ifa ediblər.
“Səs uşaqlar 2020” yarışmasının iştirakçısı olan Məhəmməd Allahverdiyev instrumental əsərlərin müəllifidir. Kiçik yaşlarından caz musiqisinə böyük maraq göstərib, xüsusilə görkəmli bəstəkar Vaqif Mustafazadənin musiqisinin vurğunudur. “Yağış” və “Payız” əsərlərinə klip çəkdirib. 2019-cu ildə XIV Beynəlxalq Bakı Caz Festivalı çərçivəsində keçirilən “I am Jazzman” gənc caz ifaçıları yarışmasında müsabiqədənkənar (14 yaşına çatmadığına görə) iştirak etsə də, xüsusi mükafat və diploma layiq görülərək bu il Böyük Britaniya və Danimarkada keçiriləcək caz festivalına dəvət alıb.