Bu il Türkiyədə keçirilməsi nəzərdə tutulan IV Dünya Köçəri Oyunlarının vaxtı dəyişdirilib. Bu barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyevin adından yayılan açıqlamada bildirilir.
Məlumatda Dünya Köçəri Oyunlarının təsis olunması, məqsədi və keçdiyi inkişaf yoluna nəzər salınır. Qeyd olunur ki, yeni növ koronavirus (COVİD-19) infeksiyası səbəbindən VI Dünya Köçəri Oyunları 2021-ci ilə ertələnib.
Bildirilir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) üzvləri Türkiyədə keçiriləcək IV Dünya Köçəri Oyunlarında xalqlarımızın ortaq mirasına layiqli şəkildə fəal iştirak edəcəklər.
Türk xalqlarının milli oyunlarını canlandırmaq, inkişaf etdirmək və qorumaq məqsədilə Dünya Köçəri Oyunlarının keçirilməsi ilə bağlı təşəbbüs 2012-ci ildə Bişkekdə 2-ci Türk Şurası sammitində qaldırılıb. Təşəbbüs Türk Şurasına üzv ölkələrin dövlət başçıları tərəfindən dəstəklənib və oyunlar ilk dəfə 2014-cü ildə Qırğızıstanda gerçəkləşib.
Türk Şurasına üzv ölkələrin dövlət başçılarının 2018-ci ildə Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən zirvə görüşündə növbəti – IV Dünya Köçəri Oyunlarının 2020-ci ildə Türkiyədə təşkil olunmasına dair qərar qəbul olunmuşdu. Oyunların Bursada keçiriləcəyi gözlənilirdi. 2018-ci ildə keçirilən III Dünya Köçəri Oyunlarına rekord sayda – 30-dan çox idman növü üzrə 80-dək ölkədən idmançılar qatılmışdı.
Mehparə SULTANOVA
Ankara